Lənkəranın çuxur-çuxur yolları, küçələri
Lənkəranda indi ən çox unudulan məsələ kənd yollarının, şəhərdaxili küçələrin təmiri ilə bağlıdır. Yaranan acınacaqlı vəziyyəti qaydaya salıb, əhalini çətinlikdən qurtarmaq aidiyyəti qurumları hazırkı zamanda o qədər də düşündürmür. Şəhərdə elə dağılmış küçə var ki, adam oradan keçəndə özünü ucqar bir dağ kəndində hiss edir. Ümumiyyətlə, son vaxtlar cənub mirvarisinin yollarının təmirinə ikinci dərəcəli iş kimi baxılır. Yerli məmurlar elə düşünürlər ki, rahat yol sadə adalar üçün deyil. Odur ki, dövlətin bu sahəyə ayırdığı vəsaiti özlərinə sərf edirlər. Halbuki ölkə rəhbəri gecə-gündüz çalışır ki, respublikanın hər bir vətəndaşının gün-güzəranı rahat keçsin. Elə vəzifəyə gətirdiyi məmurlara birinci tapşırığı xalqin xidmətində vicdanla durmağı olur. Məlum həqiqətdir ki, dünyanın heç bir ölkəsində Azərbaycanın rəhbəri kimi humanist, xalqını sevən ikinci bir şəxs yoxdur. O, həqiqətən hər bir vətəndaş üçün dahidir, əzizdir, hamı öz xoşbəxt gələcəyini yalnız onunla bağlayır. Qaldı ki, yerlərdə olan məmurlar onun gördüyü möhtəşəm işlərinə xələl gətirirlər. Elə söhbət açdığım Lənkəranın dağılıb ömrünü başa vuran yolları da buna misal ola bilər.
Bəli, Lənkəranın yararsız yolları, küçələri bir deyil, iki deyil. Şəhərin ən çox gediş-gəlişli Əli Məmmədov küçəsi daha pis gündədir. Burada əmələ gələn çuxurlar yolu keçilməz vəziyyətə salıb. Sakinlər bildirirlər ki, bir balaca yağış olanda yolun üstündə yaranan dərin çalalar su ilə dolur. Nəticədə burada hərəkət çətinləşir. Səlahiyyət sahibləri nədənsə acığa düşüb küçəni təmir etmək istəmirlər.
Rayonun Veravul-Tatoba kənd yolu da baxımsız vəziyyətdədir. İki kəndi birləşdirən yol illərdir asfaltlanmır. Yolun hərəkət hissəsində dərin çala-çuxurlar vardır. Yayda tozun, qışda isə palçığın əlindən göz açmaq olmur. Avtomobildə ki iki-üç dəfə yolda hərəkət edəndə dağılıb sıradan çıxır. Yola çıxan adam isə sağ-salamat evinə dönəcəyinə inanmır...
Rayonda aidiyyəti qurumların hər iki problemdən xəbərləri var. Sadəcə vəziyyəti düzəltməyə maraqları yoxdur.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü