Erkən nikahlarla mübarizə erkən nişandan başlamalıdır...
Fatimə Hacıbəyli: “Orta məktəbi bitirməyən qızların nişanlanması qadağan olunmalıdır”
Azərbaycanda erkən yaşda nişanlanmanın qarşısının alınması təklif olunur. Milli Məclisin ötən iclasında bu məsələ millət vəkilləri tərəfindən müzakirə olunub və bildirilib ki, erkən nikahın qarşısının alınması üçün məktəbyaşlı qızların nişanlanması qanunla qadağan edilməlidir.
Ekspertlər də hesab edir ki, erkən yaşda nişanlanmaq qadağan olunmalıdır. Onların fikrincə, məktəbyaşlı qız nişanlanan zaman o dərs, oxumaq haqqında deyil, ailə qurmaq, ərə getmək haqqında düşünəcək.
“Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeniyetməlik çağında olan şəxsin nişanlanması sağlam yanaşma deyil. Bu yaşda olan nişanlar valideynlər tərəfindən məcbur ediləndir. Bu da cinayət sayılır: “Yeniyetmə nişanlanırsa, onun gələcəyi əlindən alınır. Həmin yeniyetmə də zaman keçdikcə söylənilənlərin fərziyyələrdən ibarət olduğunu gördükdən sonra onda stress, depressiya, təşviş kimi hallar yarana bilər. Ağır formada psixologiyası pozula bilər. Nəticədə ailədə sağlam fərd dünyaya gətirmə gücü olmaz. Rayonlarda yeniyetmə qız nişanlırsa o artıq məktəbə getmir və ailə onu psixoloji olaraq ailə həyatına hazırlayır. Yəni qıza kitab, dərs oxumaq əvəzinə ev yığışdırmaq, yemək bişirmək öyrədilir. Qızın oxuduğu məktəb isə bu olaya reaksiya vermir. Sanki belə də olmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, orta məktəbi bitirməyən qızların nişanlanması qadağan olunmalıdır. Bu məsələ mütəmadi olaraq gündəmə gəlməli, müzakirə olunmalı və bununla bağlı cəza tətbiq olunmalıdır: “Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır. Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməli və maarifləndirici materiallar hazırlanmalıdır. Gəlin unutmayaq ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətindən birbaşa asılıdır”.
Günel CƏLİLOVA