Orta məktəblərdə cinsi tərbiyə dərsi? - Aləm qarışacaq...
Son zamanlarda artan seksual motivli cinayətlərin, zorlama faktlarının fonunda azyaşlı məktəblilərin, yeniyetmələrin olduğunu görürük. Həmçinin şagirdlərin öz sinif yoldaşlarını hər hansı xüsusiyyət, görünüşü ilə bağlı bulinqlərə məruz qoyduğu da davamlı olaraq baş verir.
Bəzi ekspertlərin fikrincə, bu həm də yetişməkdə olan nəslin bilgisizliyindən və cinsi tərbiyəsiliyindən baş verir. Bu səbəbdən də məktəblərdə cinsi tərbiyənin tədris olunması təklif olunur. Belə bir təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çıxış edib. Komitə hesab edir ki, orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə hüququ mövzuları dərs saatlarına əlavə edilməlidir. Ancaq ictimai xadimlər məktəblərdə cinsi tərbiyə dərsinin keçirilməsini düzgün hesab etmir.
Könül İsmayılova: “Sırf cinsi tərbiyə deyə yox, İnsan və cəmiyyət dərsinin tədrisə yenidən qaytarılması daha yaxşıdır”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tərbiyə uşağa kiçik yaşlarından evdə valideynlər tərəfindən verilməlidir: “Uşağa həssas şəkildə cinsi məhrəmiyyət mövzusu aşılanmalıdır, bədəni tanıdılmalıdır, vücudunun qorunmasının vacibliyi təlqin olunmalıdır. Təməl tərbiyə evdən başlanır və təməlin nə qədər sağlam qoyulması çox vacibdir. Necə ki evdə uşaqlarımız məktəbə gedənə qədər ona rəqəmlər, şeirlər, nağıllar öyrədilir, eləcə də cinsi tərbiyənin verilməsinə gecikmək olmaz. Əvvəllər “İnsan və cəmiyyət” fənni tədris olunurdu buna müvafiq olaraq insanların davranış qaydaları, münasibətlər, etik kodekslər haqqında məlumat verilirdi. Amma təəssüflər olsun ki, bu fənn hazırda tədris olunmur. İbtidai təhsil pilləsində isə “Həyat bilgisi” fənni tədris olunur ki, burada da çox cüzi informasiyalar verilir. Etik kodeksləri nəzərə alsaq, sırf cinsi tərbiyə deyə yox, İnsan və cəmiyyət dərsinin tədrisə yenidən qaytarılması daha yaxşıdır”.
Aytəkin Kamranqızı: “Cinsi tərbiyə mövzusunu uşaqlara hər psixoloq, müəllim izah edə bilməz, bununla bağlı xüsusi kadrlar yetişməlidir”
Sosioloq Aytəkin Kamranqızı isə hesab edir ki, cinsi tərbiyə ayrıca fənn formasında deyil, bir neçə dərs mövzusu kimi şagirdlərə izah oluna bilər: “Bizim mentalitetdə valideynlə övlad arasında pərdə var. Valideynlərlə uşaqlar səmimi ola bilmirlər. Bəzi valideynlər uşaqlarını yanlış yönləndirirlər. Yaxşı olardı, məktəblərdə bu sahə ilə mütəxəssislər, psixoloqlar, həkimlər məşğul olsunlar. Ümumiyyətlə, cinsi tərbiyə mövzusunu uşaqlara hər psixoloq, müəllim izah edə bilməz. Bununla bağlı xüsusi kadrlar yetişməlidir”.
Günel CƏLİLOVA