Azərbaycan Dünya İqtisadi Forumunun İndeksi üzrə göstəricilərdə irəliləyib
Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb. Bu barədə Dövlət Turizm Agentliyindən mətbuata açıqlama verilib. Məlumatda bildirilib ki, MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub.
2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda "Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət rəqabətliliyi göstəricilərində, “Səyahət və Turizm Tələbinə Təsir Edən Amillər” komponenti üzrə mədəni resurslara dair göstəricidə və “Səyahət və Turizmin Dayanıqlılığı” komponenti üzrə ekoloji davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində yüksəlmə qeydə alınıb. Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik məlumatların beynəlxalq qurumların məlumat bazalarına mütəmadi olaraq ötürülməsinə dair göstərici üzrə Azərbaycan 2021-ci ildə olduğu kimi bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə qərarlaşıb.
Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən Azərbaycan əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib. Əlavə olaraq, gəlmə turizmində mövsümilik amili üzrə 39 pillə, illik səyahət və turizm məlumatlarının əhatəliliyi göstəricisi üzrə 28 pillə, Ümumdünya İrs Siyahısına daxil olan təbii nümunələrin sayına görə 29 pillə, rəqəmsal ödənişlər və 3G mobil şəbəkənin əhatə dairəsi göstəricilərində isə müvafiq olaraq 18 və 32 pillə irəliləyiş qeydə alınıb.
Mətləb Salahov