Gürcüstan ABŞ-a meydan oxudu - Burada Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyirlər...
Gürcüstanda hökumət təhdidlərə baxmayaraq xarici fondların təsirinə müqavimət göstərməkdə davam edir. Ölkədə “Xarici agent qanunu” kimi də tanınan “Xarici təsirin şəffaflığı” qanununun qüvvəyə minməsi üçün aylardır mübarizə gedir. Avropa İttifaqının (Aİ) dəstəklədiyi qrupların qanuna qarşı etirazları getdikcə zorakılığa çevrilir. ABŞ dövlət katibi Antoni Blinken də Gürcüstanda prezident Salome Zurabişvilinin veto qoyduğu “xarici təsirin şəffaflığı” qanununun qüvvəyə minəcəyi təqdirdə hərəkətə keçəcəkləri ilə hədələyib.
ABŞ-a cavab verən baş nazir Kobakidze isə bəyan edib ki, ölkənin 2014-cü ildə Kiyevdə "Maydan" çevrilişindən əvvəl Ukraynada baş verdiyi kimi, başqa bir Qərb vəkilinə çevrilməsi risqi var.
Baş nazir Kobaxidze deyib ki, Gürcüstana kənar təsirlərin qarşısını almaq və Qərbin Rusiyaya qarşı müharibə cəbhəsinə çevirdiyi Ukraynanın taleyini təkrarlamamaq üçün bu yaxınlarda qəbul edilmiş “xarici agentlər haqqında qanun”a ehtiyacı var.
“Xarici Təsirlərin Şəffaflığı Aktı” adlı qanunvericiliyə əsasən, vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan QHT, media qurumları və fiziki şəxslər “xarici gücün maraqlarını dəstəkləyən” təşkilatlar kimi qeydiyyatdan keçməli və donorlarını açıqlamalıdırlar.
Kobaxidze Gürcüstandakı mövcud vəziyyəti xarici təsirin maneəsiz axdığı və ölkənin idarəçiliyinə təsir etmək istəyənlərin dövlət siyasətinə qarşı çıxan “balıqları” asanlıqla tutaraq, inqilabi hərəkatlar yaratmaq üçün birləşdirə biləcəyi “bulanıq suya” bənzədib.
"Biz şəffaflıq istəyirik... biz bu ölkədə palçıqlı sular istəmirik, çünki "Gürcüstan Maydanı" ölkəmizi çox ağır nəticələrə, "Ukraynalaşmaya" apara bilər. Biz bunu qəbul edə bilmərik" deyən baş nazir daha sonra bildirib: “Bəziləri burada palçıqlı su istəyir. Biz istəmirik. Bəziləri burada "Maydan" istəyir. Biz istəmirik. Bəziləri (Rusiyaya qarşı) ikinci cəbhə açmaq istəyir. Biz ikinci cəbhə istəmirik” - deyə baş nazir bildirib.
Kobaxidze yeni qanunun xarici təsirlərin tənzimlənməsinə və nəzarətdə saxlanmasına kömək edəcəyini vurğulayıb: "QHT-lərin şəffaflığı bizə bunu etməyə imkan verəcək əsas rıçaqlardan biridir".
Qeyd edək ki, mübahisəli qanun layihəsi həm Aİ-yə, həm də ABŞ-ın rəhbərlik etdiyi NATO-ya müraciət edən ölkə parlamenti tərəfindən bu ayın əvvəlində qəbul edilib. Gürcüstan prezidenti Salome Zorubaşvili qanun layihəsinə veto qoyub, lakin çox güman ki, qanun layihəsini dəstəkləyən parlamentdə çoxluq təşkil edən “Gürcü Arzusu” partiyasın onun qərarını ləğv edəcək.
Qanun Qərb rəsmiləri tərəfindən sərt şəkildə tənqid edilir. ABŞ dövlət katibi Entoni Blinken Konqresdə keçirilən dinləmələrdə qanun layihəsinin qəbul olunacağı təqdirdə Gürcüstana qarşı tədbir görüləcəyini vəd edib. Avropa Şurasının Venesiya Komissiyası isə Gürvüstana "Avropanın demokratik qanun yaradıcılığı tələblərinə cavab vermədiyini" iddia etdiyi qanun layihəsindən imtina etməyi tövsiyə edir. Komissiya iddia edir ki, xaricdən maliyyə alan təşkilatların işini “damğalamaq, susdurmaq və sonda aradan qaldırmaq risqləri” var. Kobakidze isə Komissiyanın bu ittihamlarına cavab olaraq bildirib ki, şəffaflığı pis bir şey adlandırmaq “absurddur”.
Tahir TAĞIYEV