Dünya İsrailin üzünə durur - Fələstinin tanınmasının yeni dalğası başladı...
Amid Əliyev: “İsrail müharibənin dayandırılmasını təmin etməyəcəyi təqdirdə Fələstinin dövlət kimi tanınması işi növbəti mərhələlərə keçəcək”
Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər. İrlandiya və İspaniyanın baş nazirləri Simon Harris və Pedro Sançes ölkələrinin Fələstin dövlətini tanımaq qərarına gəldiyini açıqlayıb.
Hər üç ölkənin qərarı çərşənbə axşamı, mayın 28-də qüvvəyə minəcək.
“Hər birimiz bu qərarı həyata keçirmək üçün bütün lazımi milli addımları atacağıq”, - Harris mətbuat konfransında deyib. Bununla, Fələstini tanıyan Avropa İttifaqı üzvü ölkələrin sayı 10-a çatdı. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bunu hələ 1988-ci ildə, birliyə qoşulmazdan əvvəl etmişdilər.
İsveç isə 2014-cü ildə Fələstini tanıyıb.
Qəzzada müharibənin getdiyi bu anlarda belə prosesin getməsi nə deməkdir, sonu nə olacaq?
Hazırda 140- dan çox ölkə Fələstin dövlətini tanıyır.
Siyasi şərhçi Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda davam edən İsrail-Fələstin qarşıdurmasında dünya ölkələrinin İsrailə qarşı yeni mübarizə üsulu kimi Fələstini dövlət kimi tanımaq xətti üstünlük təşkil edir: “Əslində bu, Fələstin xalqının XX əsrin 40-50-ci illərində verilməli olan hüququdur. O zaman, BMT başda olmaqla, dünya ictimaiyyəti İsrail dövlətinin yaranmasını dəstəkləsə də proses yarımçıq qaldı və Fələstin xalqının dövlət yaratmaq hüququ tamamlanmadı.
Bunu bir sıra səbəblərlə bağlamaq olar. Lakin əsas məqam ondan ibarətdir ki, birtərəfli şəkildə İsrail dövlətinin yaranması hələ uzun illər bu bölgədə davam edə biləcək münaqişəni doğurdu. Bu gün də bölgə xalqları bu ədalətsiz qərarın nəticəsi olaraq yaranmış müharibənin ağrılarını yaşayır.
Əvvəlki müharibələrdən fərqli olaraq, budəfəki müharibə olduqca uzun çəkdi. Artıq İsrail qoşunlarının əsas məqsədi milli təhlükəsizliyi təmin etmək yox, ərəblərin bölgədən sıxışdırılması siyasətinə çevrilib. Müahiribənin ilk günlərində İsrailə dəstək verən dövlətlər belə İsrailə müharibənin dayandırlması üçün təzyiqlər və çağırışlar ediblər. Lakin bugünə qədər İsrail dövləti qarşıya qoyulmuş hədəflərə çatmadığı təqdirdə geri addım atmayacağını bildirib. Bu isə, öz növbəsində, dünya ictimaiyyəti və dövlətlərində İsrailə qarşı kəskin mövqe nümayiş etdirmələri ilə nəticələnib.
Artıq yeni siyasət kimi Fələstin dövlətinin tanınması və beynəlxalq müstəvidə yeni bir ərəb dövlətinin bərqərar olması xətti daha çox şəkildə özünü büruzə verir.
Burada əsas məqsəd ondan ibarətdir ki, Fələstin rəsmi dövlət elan olunsun, rəsmi dövlət ərazisi və sərhədləri müəyyən edilsin və Fələsitinə yardım etmək istəyən dövlətlər bunu rəsmi şəkildə həyata keçirə bilsinlər. Bundan əvvəl isə bu yardımlar İsrail və digər meqagüclər tərəfindən qanunsuz və işğalçıya dəstək kimi qiymətləndirilirdi. Fələstin rəsmi dövlət kimi tanındığı şərtdə isə bu damğanın kiməsə vurulması artıq hüquqi cəhətdən mümkün olmayacaq.
Bu səbəbdən də dünya dövlətləri bir-birinin ardınca Fələstinin rəsmi dövlət statusunun tanınmasını gündəmə gətirirlər. Bu məsələdə artıq bir sıra beynəlxalq təşkilatlar da aktivlik nümayiş etdirir. İsrail müharibənin dayandırılmasını təmin etməyəcəyi təqdirdə Fələstinin dövlət kimi tanınması işi növbəti mərhələlərə keçəcək. Gec-tez Fələstin dövlətinin yaranması, tarixi zərurət olmaqla yanaşı, siyasi ehtiyac və ictimai tələb formasını da alacaq”.
Məhəmmədəli QƏRİBLİ