Korrupsiya barədə xəbər verənlər mükafatlandırılacaq...
Şəmsəddin Əliyev: “Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsi dövlətin qayğısı, diqqəti kimi qəbul edilməlidir”
Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.
Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb. Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
“Azərbaycan vətəndaşı bütün hallarda dövlətə mənsub olduğunu anlamalı, öz şəxsi maraqlarını üstün tutun vəzifəli şəxslərlə bağlı müvafiq qurumlara məlumat verməlidir”
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, korrupsiya halları ilə bağlı dövlətin sütunlarını sarsıdan, etibar edilmiş vəzifələrə xəyanət edən insanlarla bağlı vətəndaşlar mütləq mənada müvafiq qurumlara məlumat verməlidir: “Korropsiya ilə bağlı məlumatı olan və aidiyyəti qurumlara məlumat verən şəxsin mükafatlandırılması mümkündür. Konstitusiyanın 52-ci maddəsində qeyd edilir ki, Azərbaycan dövlətinə mənsub olan, müəyyən öhdəliklər götürən hər bir şəxs ölkənin vətındaşı sayılır. Bu baxımdan vətəndaşlar konstitusion öhdəliklərdən çıxış etməlidirlər. Azərbaycan vətəndaşı bütün hallarda dövlətə mənsub olduğunu anlamalı, öz şəxsi maraqlarını üstün tutun vəzifəli şəxslərlə bağlı müvafiq qurumlara məlumat verməlidir. Yaxşı olar ki, bu cür məlumatları verən şəxslərin anonimliyi saxlanılsın. Onların təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi işlər görülməlidir”.
Ş.Əliyev hesab edir ki, korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsi dövlətin qayğısı, diqqəti kimi qəbul edilməlidir. Onun sözlərinə görə, bir sıra ölkələrdə korrupsiya cinayətləri haqda məlumat verən şəxslərin mükafatlandırılması praktikası var.
Günel CƏLİLOVA