Nikah müqaviləsi bağlayan cütlüklər, demək olar ki, yoxdur... Niyə?
Dünyanın bir çox ölkəsində nikaha girən cütlüklərin “Nikah müqaviləsi” bağlaması mədəniyyəti mövcuddur. Bu müqaviləni bağlamaqla tərəflər gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan bir növ sığortalanırlar.
Azərbaycanda isə bu müqavilənin bağlanmasına ya kağız parçası kimi baxılır, ya da “Əbədi sevgi” mifinə inanan təzə cütlüklər belə bir müqavilə bağlamağa ehtiyac görmür. “Əbədi sevgi” mifi sona çatdıqda isə boşanan tərəflər sadəcə münasibətdən geridə qalan övladlarının gələcəyini təmin etmək üçün 200-250 manatlıq aliment üçün keçmiş yoldaşı ilə dava-qırğına çıxır. Bəllidir ki, bu gün ölkədə boşanma sayı günü-gündən artır. Boşanmaların sayı artdığı ərəfədə nikah müqaviləsinin bağlanılması daha məqbul görünür.
Hüseyn Axundov: “Ailə quranlar əvvəlcədən nikah müqaviləsi bağlamağı mental olaraq qəbul etmir”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımır və qanunvericilikdə tövsiyə xarakterlidir: “Ailə quranlar əvvəlcədən nikah müqaviləsi bağlamağı mental olaraq qəbul etmir və bunu nikahın daimi olacağına şübhə ilə yanaşmaq tərzində qəbul edirlər. Hətta bir tərəf bu istəkdə olsa belə qarşı tərəfə deməyə çəkinir ki, gələcəkdə baş verməsi ehtimal edilən boşanmanın yaratdığı nəticələri düşündüyü üçün onu etibarsız adam hesab edərlər. Halbuki nikah müqaviləsinin bağlanması tərəfləri gələcəkdə baş verəcək və bəzən illərlə məhkəmələrdə davam edən mübahisələrin yaranmasından sığortalayır və tərəflərin gələcək sosial təminatının qarantı kimi çıxış edir”.
Aytəkin Kamranqızı: “Cəmiyyətdə gedən proseslər nikah müqavilələrinə ehtiyacı günü-gündən artırır”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, cəmiyyətdə gedən proseslər nikah müqavilələrinə ehtiyacı günü-gündən artırır: “Əvvəllər adət-ənənə elə şəkildə qurulmuşdu ki, insanların bir-birinə bu məsələlərdə etibarı böyük idi. Ona görə ailələrin dağılması statistikası da aşağı idi. İndi həm insanların bir-birinə etibarı azalıb, həm də bəzən ailələr müəyyən qarşılıqlı hörmət, sevgi əsasında deyil, sosial, maddi faktorlar üzərində qurulur. Statistikaya baxdıqda da ailələrin tez-tez dağıldığını görürük. Ona görə də müqavilələrə ehtiyac çoxalır.Nikah müqaviləsi ilə evlənən şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürmüş olurlar. Hər iki tərəfin müəyyən qədər məsuliyyət götürməsi məsələsi ailə qurmağa daha ciddi yanaşmaya təsir edəcək. Çünki insanlar arasındakı münasibətlərdə maddiyat güclü olduğu üçün bu müqavilələrin özü də bu istiqamətdə insanlara təsir edir. İnsanlar ailə quranda eyni zamanda başa düşürlər ki, onlardan mənəvi amillərlə bərabər, maddi tələb də var. Ailə qurmağa qərar verəndə daha dərindən düşünməli olurlar. O biri tərəfdən, ailə dağılanda da əmlak problemlərinin həlli istiqamətində bu müqavilə həlledici rola malikdir”.
Günel CƏLİLOVA