Məşhur ermənipərəst jurnalistin rüşvətlə məqalələr yazmasının videoları yayıldı...
Yadigar Məmmədli: “Kolerovun ifşa edilməsi buz dağının görünən kiçik bir hissəsidir”
Rusiyada Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan Modest Kolerovun bu işləri pul qarşılığında gördüyünü əks etdirən görüntülər yayılıb. Görüntülər Rusiyanın 4-cü kanalında yayılıb.
Video görüntülərdə rusiyalı jurnalist və politoloqun bəzi şəxsləri nüfuzdan salmaq məqsədilə məqalələr yazmaq üçün böyük miqdarda pul aldığı əksini tapıb. Jurnalist Roman Qazenkonun da bu məsələdə vasitəçi rolu oynadığı bildirilir. Görüntülərdə onların arasında kafedə danışıqlar aparılması, həmçinin pul köçürməsini əks etdirən foto və videolar yayılıb. Bu görüntülərlə rüsvay olan Kolerov sərt tənqid edilib, onun cinayətə cəlb olunması istənilib.
Bu həmin Kolerovdur ki, hər zaman ermənipərəst mövqe tutan “Reqnum”un həmtəsisçisi və baş redaktorudur. Onun Azərbaycana qarşı təbliğat üçün ermənilərdən pul aldığı artıq bu video-görüntülərdən sonra şübhə doğurmur.
“İstənilən halda bu, erməni təbliğatına endirilən güclü zərbədir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli hesab edir ki, M. Kolerovun ifşa edilməsi önəmli məqamdır: “Ümumiyyətlə, zaman-zaman Rusiya mediasında Azərbaycan əleyhinə qərəzli, həqiqəti əks etdirməyən yazılar dərc olunub. Təxribat, böhtan xarakterli məlumatlar öz əksini tapıb. Erməni separatizmi başlayandan son dövrlərə qədər belə yazılar dərc olunub. Həm ərazilərimiz işğal altında olan dövrdə, həm də azad ediləndən sonra ermənipərəst yazılar üstünlük təşkil edib. “Reqnum” agentliyi də bunların başında dayanıb. Fikrimcə, bu, əsasən iki aspektlə bağlıdır. Birincisi, Rusiya mediasında çoxsaylı erməni əsilli şəxs fəaliyyət göstərir. Onlar Rusiya mediasının, xüsusilə telekanalların rəhbər vəzifələrində yer tuturlar. İkincisi, bu, Rusiyanın müəyyən media orqanlarının korrupsiyalaşması ilə bağlıdır. Pul qarşılığında çox vaxt sifarişli yazılar dərc edilir. Rusiyadakı erməni lobbisi də bundan, hər zaman olduğu kimi, məharətlə istifadə edir. Kolerovun ifşa olunması bir daha onu göstərir ki, bir sıra jurnalistlər satılıblar. Əslində M.Kolerovla bağlı məsələ təəccüblü deyil. O, uzun illərdir ki, erməni lobbisindən bəslənir. Bu həmin Kolerovdur ki, işğal dövründə bir neçə dəfə qanunsuz olaraq Qarabağa səfər edib, separatçılarla görüşüb. O zaman bizim İranla olan sərhədimizin 132 kilometri işğal altında idi. Belə məlumatlar var ki, Kolerov hətta Qarabağdan İrana da get-gəl edib. Ümumiyyətlə, “Reqnum” agentliyi ermənipərəst media orqanlarının başında gəlir. Bu platforma sırf ermənilərə və erməni lobbisinə xidmət edib. Kolerovun ifşa edilməsi buz dağının görünən kiçik bir hissəsidir. Çoxsaylı belə faktlar var ki, onlar hələ üzə çıxmayıb. İstənilən halda bu, erməni təbliğatına endirilən güclü zərbədir. Rusiya ictimaiyyəti gördü ki, erməni lobbisinin təsiri altında olan media təmsilçiləri hansı çirkin fəaliyyətlə məşğuldular”.
Vidadi ORDAHALLI