Ermənistan eyforiyada - bundan sonra da İrandan dəstək alacaqlarına inanırlar...
Əli Orucov: “Ermənistan-İran münasibətləri əvvəlki kimi olmayacaq”
Prezident İbrahim Rəisinin administrasiyası dövründə Ermənistan-İran münasibətləri kifayət qədər geniş əməkdaşlıq ilə xarakterizə olunurdu. İran İslam Respublikasının xarici və daxili siyasəti ölkənin mənəvi rəhbərinin razılığı və icazəsi ilə hazırlanır. O baxımdan ehtimal etmək olar ki, Ermənistan-İran münasibətlərində ciddi dəyişiklik olmayacaq.
Bunu “Armenpress”ə açıqlamasında erməni iranşünas Gohar İskəndəryan bildirib.
İran prezidenti İbrahim Rəisinin vəfatından sonra iki ölkə arasında münasibətlərin gələcək inkişafına toxunan G.İskəndəryan Rəisinin heç vaxt Ermənistana səfər etmədiyini təəssüflə qeyd edərək, buna baxmayaraq, onun müxtəlif beynəlxalq platformalarda bir neçə dəfə Paşinyanla görüşdüyünü xatırladıb. İran tərəfi isə öz siyasətinə sadiqliyini dəfələrlə bəyan edib: “Biz çox vacib bir şeyi qeyd etməliyik. Rəisi dövründə Ermənistan-İran iqtisadi əməkdaşlığı xeyli inkişaf etdi. Yəni əvvəlki rəqəmlə müqayisədə artımımız olub”.
Görünən odur ki, Rəisi vəfat etsə də gözləntilər qalmaqdadır. Ermənistanda inam var ki, bundan sonra da İrəvan-Tehran münasibətləri, iş birliyi elə əvvəlki kimi davam edəcək. Yəni Ermənistan özünün bölgədəki aqressiv siyasətinə hər zaman İrandan dəstək alacağına ümidlidir. O baxımdan Ermənistanın bu yöndə gözləntiləri nə dərəcədə əsaslıdır?
“Çünki rəsmi İrəvan Avropa İttifaqı müşahidə missiyası adı altında regiondankənar dövlətləri bölgəyə gətirir”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında məsələyə fərqli prizmadan yanaşdı: “Erməni iranşünasın gözləntiləri reallıqla o qədər də uzlaşmır. Əvvəla, Azərbaycan-İran münasibətlərində normallaşma müşahidə olunur. “Xudafərin” və “Qız Qalası” hidroqovşağlarının açılış mərasimində iki ölkə başçılarının verdiyi açıqlamalar, bu açıqlamalarda toxunulan məsələlər bu qənaətə gəlməyə əsas verir. Çünki iki ölkə arasında qarşılıqlı iqtisadi maraqlara söykənən layihələrin həyata keçirilməsi, İranın Qarabağın bərpasında iştirak etmək istəməsi münasibətlərdə yeni mərhələ açır. Ağbənddən İran vasitəsilə Naxçıvana əvvəl avtomobil yolunun, sonra dəmir yolunun çəkilməsi iki ölkə arasında tranzit əlaqələrini yaxşılaşdırmaqla yanaşı, siyasi münasibətlərə də müsbət təsir edəcək. Onu da nəzərə almaq lazımdır ki, Rəşt-Astara dəmir yolu hazır olandan sonra Şimal-Cənub nəqliyyat dəhlizi tam işə düşəcək. Azərbaycan və İran üzərindən daşımalar xeyli artacaq. Ancaq Ermənistanla İran münasibətləri əvvəlki kimi olmayacaq. Çünki rəsmi İrəvan Avropa İttifaqı müşahidə missiyası adı altında regiondankənar dövlətləri bölgəyə gətirir. Bu, Qərbin hərbi-kəşfiyyat baxımından mərhələli şəkildə Ermənistanda mövcudluğunu artırması deməkdir. Ermənilər nə qədər nikbin mesajlar versələr də bu faktor heç bir halda İranın maraqlarına uyğun deyil. Üstəlik, Ermənistanın apardığı siyasət 3+3 formatına qarşıdır. O baxımdan hesab edirəm ki, Tehran-İrəvan münasibətləri əvvəlki kimi olmayacaq”.
Vidadi ORDAHALLI