Polis Akademiyasına qəbulda görünməmiş yeni təzahür var...
Ötən il hüquq-mühafizə orqanlarında çalışan qadınların sayında artım müşahidə olunub. Bu barədə məlumat Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, 2022 ci illə müqayisədə hakim qadınların sayı 25 faiz, prokuror qadınların sayı 30 faiz, Polis Akademiyasına daxil olan qadınların sayı 2 dəfəyə yaxın artıb.
Qeyd edək ki, bir neçə il əvvəl Polis Akademiyasına qadınların qəbulu dayandırılmışdı. Ancaq son illər qadınların qəbulu yenidən bərpa olunub və polis olmaq istəyən zərif cinsin nümayəndələrinin sayı ildən-ilə artır.
Şəmsəddin Əliyev: “Cinayətkarlıqla mübarizədə ixtisaslaşmış xanımların sayının artması yaxşı haldır”
“Polisə Dəstək"ictimai Birliyinin sədri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Polis Akademiyasında təhsil alacaq xanımların sayı artır və artacaq. Cinayətkarlıqla mübarizədə ixtisaslaşmış xanımların sayının artması yaxşı haldır. Xanım məzunlar əsasən azyaşlılar üzrə inspektor, nəzaratçi vəzifəsində çalışacaq. Onlar orta məktəblərdə şagirdlərlə danışacaq, müvafiq tövsiyyələr verəcək. Eyni zamanda, xanım əməkdaşların istintaq və təhqiqatda çalışması çox vacibdir. Məlumdur ki, insan alveri qurbanlarının sayı artır, həmçinin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxslərin arasında qadınlarda var. Belə olan halda təqsirləndirilən qadınlarla xanım əməkdaşların işləməsi daha məqbuldur”.
Nizami Hüseynov: “Qızların akademiyaya qəbulu doğru addımdır”
Təhsil eksperti Nizami Hüseynov hesab edir ki, qızların akademiyaya qəbulu doğru addımdır. Hüquq-mühafizə orqanlarında çalışan qadınlar var ki, onların da ali təhsilli olması vacibdir: “Bir sıra xarici ölkələrdə qadın polis qüvvələrinin potensialından daha çox istifadə edilir”.
Günel CƏLİLOVA