"Xarıbülbül" növbəti dəfə dünya mədəniyyətlərinin görüş yerinə çevrildi...
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qaynayıb-qarışma məkanı olub. Ölkəmiz fərqli sivilizasiyaların qovuşduğu tolerant bir məkan kimi tanınır. Zaman-zaman ölkəmizdə təşkil olunan beynəlxalq musiqi festivallarında ayrı-ayrı dövlətlərin təmsilçilərinin ifaları, bəstəkarlarının musiqi əsərləri təqdim olunub. Azərbaycanda musiqi sahəsində nümunəvi tolerantlıq mövcuddur, özü də bu tarixi ənənələrə söykənir.
Məlumat üçün bildirək ki, Azərbaycanda ənənəvi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Mstislav Rostropoviç Festivalı, Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Aşıq Festivalı, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir.
Dünya mədəniyyətini birləşdirən festival...
Bildiyimiz kimi, Şuşa işğaldan azad edildikdən sonra tarixi şəhərimizdə vaxtilə keçirilmiş, sonradan işğal nəticəsində fəaliyyəti dayandırılmış “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edildi və bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirildi.
Onu da vurğulayaq ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı kimi tarixə düşüb. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və keçmiş SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmadı. Sonuncu festival 1992-ci ilin may ayında keçirilib. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada təşkil olunub. Bildirdiyimiz kimi, 2021-ci ildə Prezident sərəncamı ilə festival yenidən bərpa olunub və 2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor (Musiqi )Festivalı baş tutub.
Festivalda Azərbaycan musiçiləri ilə yanaşı Malinin Şeyx Tidiane Sek etno-caz qrupu "Sanqa Bo" kompozisiyasını, "Pakistan rəngləri" qrupu "Bhanqra" rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı "Svanuri" rəqsimi təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin "Yuma" dueti "Smek" kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə "Bayot" xalq rəqsini ifa ediblər. Həmçinin Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın "Trigaida" qrupu çıxış edib, Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı "Van yörəsi" , "Zeybek solo", "Trabzon yörəsi", "Melitassi" ansamblı isə "Xorumi", "Kartuli", "Acharuli", "Jeirani", "Svanuri", "Karachogeli", "Kintauri", "Samaia" və "Kazbeguri" rəqslərini ifa edilib.
2022-ci ildə keçirilən festivalda da, ondan sonrakılarda da Azərbaycan musiqiçiləri ilə yanaşı müxtəlif ölkələrin, o cümlədən də qardaş türk dövlətlərinin musiqi kollektivləri uğurla çıxış ediblər. Müxtəlif xalqların mədəniyyətinin, musiqi dünyagörüşünün qovuşduğu Azərbaycanda dünya musiqisinin palitrası yaradılıb.
2023-cü ildə keçirilən festivalda isə biz türk xalqlarının yaxından iştirakını müşahidə etdik. Bildiyimiz kimi Şuşa şəhəri 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak etmişdir.
Festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan təmsil olunurdular.
ICESCO-ya üzv ölkələrin də rəng qatdığı festival...
Artıq hər il keçirilməyə başlayan “Xarıbülbül” festivalı öz əhəmiyyətinə görə, dünya musiqiçiləri, mədəniyət, ictimai və siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir.
2024-cü ilin 12 may tarixində Şuşada açılışı olan, mayın 13-də isə Laçında davam etdirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı islam dünyasının musiqiçilərini də əhatə etdi. Belə ki, Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ICESCO-ya üzv ölkələr də qatıldılar.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilirdi.
Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer aldılar.
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olundular.
O da vurğulanmalıdır ki, VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinə təsadüf etdi və həmin gün həm də bu sevinci yaşadıq.
Festivalın qısa tarixinə nəzər salmaqla burada təmsil olunan ölkələr barədə məlumat verdik və araşdırdıqca gözlərimiz qarşısında böyük, rəngli bir mənzərə canlandı. İlbəil festivalda iştirak edən dövlətlərin də, xalqların da sayı artır. Bu da onu göstərir ki, Azərbaycan müxtəlif mədəniyyətləri, sivilizasiyaları qovuşduran humanist bir dövlətdir. Ölkəmizdə yaşayan az saylı xalqların da, qonşu ölkələrin təmsilçilərinin də, qardaş dövlətlərin və dünya xalqlarının misqiçilərinin də təmsil olunduğu festivalda musiqiçilər, mədəniyyət adamları arasında etibarlı körpülər yarandı. Bu körpünü isə sülh çarçısı Azərbaycan dövləti yaratdı. Mədəniyyətlərin vəhdəti yaranırsa, bu xalqlar arasında sarsılmaz dostluğa çevrilir. Dünya xalqlarını birləşdirmək niyyəti isə dövlətimizin əbədi qayəsidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.