Taksilər minimal gediş haqqını 2,5-dən 4,50-yə qaldırmaq istəyir...
Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gediş haqqının 4 manat 50 qəpik olacağı bildirilir. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sertifikatlaşdırılması üçün müəyyən edilən ilk mərhələ iyulun 1-də başa çatacaq. Ötən il qəbul edilən qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidir. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksilərdə minimal gediş haqqının 4 manat 50 qəpik olacağı fikri ictimaiyyət arasında narazılığa səbəb olub. Qeyd edək ki, hazırda minimal gediş haqqı 2 manat 50 qəpikdir.
Fərhad Eyyubov: “Taksilərin sayının azalması və tələbatdan asılı olaraq taksi qiymətləri artır”
Nəqliyyat eksperti, dosent Fərhad Eyyubov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, taksilərin sayının azalması və tələbatdan asılı olaraq taksi qiymətləri artır: “Hazırda Bakı şəhərində nəqliyyatın idarəetməsini sadəcə AYNA-ya veriblər, məncə bu, 2 böyük qrupa bölünməlidir. Birinci ictimai nəqliyyatın dövlət sektoru, ikinci isə özəl sektordan ibarət olmalıdır. Bu nöqteyi-nəzərdən qiymətlər, sözsüz ki, qalxmalıdır. Taksidə istifadə olunacaq nəqliyyat vasitələrinin sayı azaldığı üçün, tələbatdan asılı olaraq qiymət də artır. Mən ona görə həmişə deyirəm ki, taksi daşımalarında pulu yürüşə görə müəyyən etmək lazımdır. Hər gedilən məsafənin öz qiyməti var. Taksilərlə bağlı qiymətin təyini üçün ən yaxşı üsul budur”.
Aslan Əsədov: “Taksilərdə gediş haqlarının artmasının müəyyən səbəbləri var”
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov hesab edir ki, taksilərdə gediş haqlarının artmasının müəyyən səbəbləri var: "Qiymət artımına təsir edən əsas amillərdən biri son zamanlarda tənzimləmələrlə bağlı müəyyən işlərin görülməsidir. Buraxılış ili 2008-ci ildən köhnə olan avtomobillər taksi şirkətlər tələbinə uyğun olaraq qeydiyyata alınmır və xidmətə cəlb edilmir. Yəni bəzi nəqliyyat vasitələrinin taksi kimi fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bunlar isə öz növbəsində gediş haqlarının artmasına gətirib çıxarıb".
Günel CƏLİLOVA