Açıq satılan zəhərli həşəratlar "qətl aləti" kimi istifadə edilə bilər...
Elçin Bayramlı: “İnsan həyatı üçün təhlükəli sayılan həşəratların satışı qadağan olunmalıdır”
Son vaxtlar sosial şəbəkələrdə müxtəlif növ zəhərli, təhlükəli həşəratlar satılır. Maraqlıdır ki, bəzi insanlar hobbi olaraq zəhərli sayılan əqrəb, hörümçək və tarantula saxlamağa üstünlük verir. Təbii ki, adıçəkilən həşəratlar təhlükəlidir.
O halda bu həşəratların satışı nə dərəcədə düzgündür? Ümumiyyətlə, zəhərli həşəratlar qətllərdə, cinayət əməllərində istifadə olunurmu?
“Qətl həyata keçirmək istəyənlər həmin səhifələr vasitəsilə zəhərli həşəratları alıb, pis əməllərini həyata keçirə bilər”
Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir sıra ölkələrdə cinayət əməlində bu cür həşəratlardan istifadə olunur. Bu səbəbdən də zəhərli həşəratların açıq satışı qadağan olunmalıdır. Onları yalnız tibbi məqsədlə xüsusi mərkəzlər istifadə edə bilər: “Əqrəb, tarantula it, pişik, balıq deyil ki, insanlar bu heyvanları saxlamağa maraq göstərsin. Zəhərli həşərat satışı ilə məşğul olanlar sərt şəkildə cəzalandırılmalıdır. Təəssüf ki, sosial şəbəkədə bu heyvanların açıq satışı həyata keçirilir. Qətl həyata keçirmək istəyənlər həmin səhifələr vasitəsilə zəhərli həşəratları alıb, pis əməllərini həyata keçirə bilərlər. Həmin qətlin üstünün açılması da mümkün olmayacaq. Bu səbəbdən də insan həyatı üçün təhlükəli sayılan səhifələrə nəzarət artırılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, aidiyyəti qurumlar bu şəbəkəni nəzarətə götürməlidir: “Pul qazanmaq məqsədilə zəhərli həşəratları satanlar məsuliyyətə cəlb olunmalıdır. Onların məqsədi gəlir əldə etməkdir. Zəhərli həşəratların satışı qadağan olunmalıdır. Necə ki, silah, narkotik satışı qadağandır, insan həyatı üçün təhlükəli sayılan həşəratların da satışı qadağan olunmalıdır. Məlumat üçün deyim ki, tarantul hörümçəklərinin təbii mühitdən götürülüb evdə saxlanılması və onlardan istifadə edilməsi qanun pozuntusudur. Bu hallara görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur”.
Günel CƏLİLOVA