İbrahim Rəisinin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək...
İran Prezidenti Seyd İbrahim Rəisinin Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. Bu barədə İran mediası məlumat yayıb.
Bundan başqa, İran prezidenti və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması ilə əlaqədar İranda 5 günlük matəm elan olunub. Bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar başsağlığı müraciətində bildirib. İranın Ali Lideri bildirib ki, İran prezidenti və həlak olan digər məsul şəxslər ölkə və xalqa xidmət istiqamətində əllərindən gələni əsirgəməyiblər. Onlar İranın dəyərli və xalis xidmətçiləri olublar.
İranın Ali Lideri İran xalqı, dövləti, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Qeyd edək ki, bazar günü İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
ZÜMRÜD