Prezidentin bu fərmanı özəl tibbə də aid ediləcəkmi?..
Adil Qeybulla: “Özəl xəstəxanalarda yaşanan xoşagəlməz vəziyyətlər, ölüm halları bu cür mərkəzin açılması zərurətini yaradıb”
Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Fərmana əsasən, mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görməlidir. Həmçinin, tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilməlidir.
Maraqlıdır, adıçəkilən mərkəzin yaradılması tibb müəssisələrinin fəaliyətinə necə təsir göstərəcək? Ümumiyyətlə, “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” özəl müəssisələrə nəzarət edəcəkmi?
“Özəl tibb müəssisələrinin akkreditasiya məsələsi, oradakı fəaliyyətin qanunauyğunluğuna nəzarət lazımdır”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi özəl sektora daha çox diqqət ayırmalıdır: “Çünki bu sahədə yaşanan problemlər hər kəsə bəllidir. Özəl xəstəxanalarda yaşanan xoşagəlməz vəziyyətlər, ölüm halları bu cür mərkəzin açılması zərurətini yaradıb. Bu qurum formalaşandan sonra müvafiq yoxlamalar həyata keçiriləcək. Xəstələrin ağırlaşması və mütəmadi qeydə alınan ölüm halları göstərir ki, özəl klinikalarda vəziyyət bərbaddır. Hesab edirəm ki, bu nəzarət sistemi genofondun sağlamlığını hədəf götürüb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, mülkiyyət formasından asılı olmayaraq, bütün tibb müəssisələrində tibbin qanunları, beynəlxalq qanunlar işləməlidir. Ayrı-ayrı tibb müəssislərinin akkreditasiya məsələsi, oradakı fəaliyyətin qanunauyğunluğuna nəzarət lazımdır: “Bütün bunların səbəbindən zərurət ortaya çıxıb, belə bir struktur yaradılmasına ehtiyac yaranıb. Fikrimcə, bu struktur özəl klinikalardakı özfəaliyyətə son qoyacaq. Azərbaycan səhiyyəsini şəffaflaşdırmaq, dələduzluğu aradan qaldırmaq kimi istiqamətlərdə dəyişiklik vacibdir”.
Günel CƏLİLOVA