Fransanın kanak xalqına qarşı vəhşilikləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edildi...
Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri Bakı Təşəbbüs Qrupunun çağırışı ilə “Kanak xalqı ilə həmrəylik” adlı videokonfrans təşkil ediblər.
Tədbirdə Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numeada və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər.
Çıxışçılar kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini ucaltmağa, BMT-yə üzv dövlətləri Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər.
Bakı Təşəbbüs Qrupu öz növbəsində beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyası ətrafında birləşməyə, Fransa kolonializminə “Yox”, müstəqillik uğrunda ədalətli mübarizəyə “Hə” deməyə çağırıb.
Videokonfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən flaşmob keçirilib.
Qeyd edək ki, mayın 16-da Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb.
Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bir daha bəyan edir.
NAMİQ