Pensiya və müavinət alanlara da tələbə krediti almaq hüququ verildi...
İlqar Orucov: “Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir”
Ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər.
“…dəyişiklik humanist və sosial yönümlü qərardır”
Təhsil krediti alan şəxslərin siyahısının genişləndirilməsinin əhəmiyyəti haqqında danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasında edilən dəyişiklik humanist və sosial yönümlü qərardır: “Ölkəmizdə vətəndaşların təhsil alma imkanlarının genişləndirilməsi hər zaman prioritet olub. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri də əhalinin sosial rifahının yaxşılaşmasıdır. Bu qərar müsbət dəyərləndirilməlidir. Kifayət qədər insan tələbə kreditindən yararlana biləcək. Məlumdur ki, Tələbə Təhsil Krediti Fondunun yaradılması maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Çünki təhsilini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin, bu Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə bu fürsətdən yararlana biləcək”.
Günel CƏLİLOVA