Lerik şəhər 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox!” deyildi
Həqiqətdir ki, müasir dünyanın bir nömrəli problemi olan narkomaniya, eləcə də digər zərərli vərdişlərə qarşı ciddi mübarizə aparılsa da, bəşəriyyət bu yabançı hallardan xilas ola bilmir. Bütün bunlar da millətin gələcəyi üçün dəhşətli faciələr yaradır. Ağıllı şəkildə hamı başa düşməlidir ki, xoşagəlməz hadisələrin yaranmasına şərait yaradan hər hansı zərərli vərdiş insanın düşmənidir. Həyatı sağlam yaşamaqdan ötrü birdəfəlik zərərli vərdişlərə son qoymaq bugünün ən vacib məsələsi olmalıdır. Dünyanı qorxuya salan hər hansı pisliyin gələcəyə yol almasına göz yummaq olmaz.
Lerik şəhər 2 saylı tam orta məktəbində təşkil olunmuş narkomaniya və erkən nikahlarla mübarizə mövzusunda maarifləndirici tədbirdə də bu fikirlər dönə-dönə bildirildi.
Lerik Rayon Polis Şöbəsinin rəisi müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyevin, Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyevin, rayon İcra Hakimiyyətinin və Gənclər və İdman sektorunun əməkdaşlarının, məktəbin yuxarı sinif şagirdlərin, pedaqoji heyətin və valideynlərin iştirak etdiyi tədbir Vətən naminə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Mədəniyyət Mərkəzinin direktoru Ş.Əliyev mövzu haqqında çıxışında dedi: - Heç bir sərhəd tanımayan, olduqca təhlükəli və sosial bəla olan narkomaniya insan həyatında sağalmaz fəsadlara səbəb olur. Narkotik zəhər olub ona meyl göstərənin beynini, psixikasını məhv edir. Bunları bilə-bilə ölkədə narkomanların sayı artmaqdadır. Bunun daha pis tərəfi odur ki, narkomanların əksəri cavanlardır. Hazırda artıq 13-14 yaşlı yeniyetmələri bu sağalmaz çirkabın içinə salanlar vardır. Vəziyyət belə davam etsə, millətin gələcəyi üçün dəhşətli faciələr yaranar. Məhz sağlam gələcək naminə narkomaniyaya qarşı mübarizə müvafiq dövlət qurumları ilə bərabər, eləcə hər bir sıravi vətəndaşın da mənəvi borcuna çevrilməlidir.
Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin hazırda xüsusilə aktual xarakter daşıdığını, həmçinin zərərli vərdişlərin əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərinin diqqət mərkəzində olduğunu, mühüm işlər gördüyünü deyən polis polkovnik-leytenantı Anar Şıxəliyev onu da vurğuladı ki, sözügedən problemin həllinə xidmət edən addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmənin düzgün təşkilindən çox şey asılıdır. Natiq eyni zamanda günün ağrılı məsələsinə çevrilən erkən nikahın yaratdığı problemlərdən ətraflı bəhs etdi.
Onu da bildirək ki, tədbir Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi, Gənclər və İdman sektorunun birgə təşkilatçılığı sayəsində baş tutdu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü