Makronun konstitusiya islahatı Yeni Kaledoniyada iğtişaşlara səbəb oldu...
Mayın 15-də səhər saatlarında Yeni Kaledoniyanın paytaxtı Numeada atəşə səsləri eşidilib, gecə baş verən iğtişaşlardan sonra məktəblər də bağlanıb.
“Reuters” agentliyi xəbər verir ki, tətbiq olunan komendant saatına baxmayaraq, baş verən iğtişaşlar Fransa Milli Məclisində müzakirə edilən konstitusiya islahatı layihəsi ilə bağlıdır. Onun məqsədi Yeni Kaledoniyada ən azı 10 il yaşayan vətəndaşlara yerli seçkilərdə səsvermə hüququnun verilməsidir. Yerli liderlərin bir neçəsi bu addımın köklü kanakların səsvermə hüququnu zəiflədəcəyindən ehtiyat edir.
Fransa hökuməti bildirir ki, bu ölkənin ərazisində seçkilərin daha demokratik keçirilməsi üçün dəyişikliklər zəruridir.
Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən sosialistlərin əsas siyasi qrup – Kanakların Azadlığı Milli Cəbhəsi mayın 14-də yaydığı bəyanatda bildirir ki, Fransa Prezidenti Makronun dialoq təklifini qəbul edir və Yeni Kaledoniyaya emansipasiya yolu ilə irəliləyəcək saziş üzərində işləməyə hazırdır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, dövlət müstəqilliyi tərəfdarları ilə onların əleyhdarları arasında baş verən toqquşma nəticəsində onlarla insan, o cümlədən 50-yə yaxın polis əməkdaşı xəsarət alıb. Maşınlar yandırılıb, mağazalar talan edilib, yüzə yaxın adam saxlanılıb.
Xatırladaq ki, Yeni Kaledoniya hakimiyyəti arxipelaqın müstəqilliyi tərəfdarları və əleyhdarları arasında davam edən toqquşmalar fonunda komendant saatı tətbiq edib. İğtişaşların səbəbi daha çox sakinlərə səsvermə hüququ verməli olan konstitusiya islahatı layihəsidir. Yerli əhali – kanaklar Parisin adalardakı rolunu daha da azaltmaq istədiyinə inanır və bu islahata qarşı çıxırlar. Fransa üçün Yeni Kaledoniyada vəziyyətin mümkün qədər tez normallaşması vacibdir, çünki arxipelaq nikel istehsalına görə dünyada beşinci yeri tutur.
ZÜMRÜD