İdxal edilən qarğıdalıya görə ildə 2 milyon dollardan çox pul itiririk...
Akif Nəsirli: “Daxili tələbatı təmin etmək üçün bu bitkinin istehsalını genişləndirmək olar, ancaq…”
Azərbaycan qida məhsulları idxalını sürətlə artırır. Bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımından 7 min 657 ton (34 %), dəyər baxımından isə 2 milyon 168 min ABŞ dolları (25,8 %) çoxdur.
Qeyd edək ki, qarğıdalı elə bir məhsuldir ki, onun istehsalı çox vəsait və uzun zaman tələb etmir. Maraqlıdır, o halda adıçəkilən məhsulun idxalına niyə üstünlük verilir?
“Azərbaycanda qarğıdalı çox geniş şəkildə əkilməyib, bizdə qarğıdalıdan daha çox silos kimi istifadə olunub”
Aqrar sahə üzrə ekspert Akif Nəsirli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda qarğıdalı çox geniş şəkildə əkilməyib. Bu bitkinin kütləvi şəkildə əkilərək qarğıdalı dəninin alınması geniş deyil. Bizdə qarğıdalıdan daha çox silos kimi istifadə olunub: “Onun gövdəsi biçilərək, quyularda basdıralaraq heyvandarlıqda istifadə olunub. Ancaq qarğıdalı dənəsinin istehsalı ölkəmizdə hər zaman zəif olub. Yəni qarğıdalı ilə məşğul olan çox az sayda fermer var. Bu bitkinin seleksiya işi ilə də məşğul olunmayıb. Daxili tələbatı təmin etmək üçün bu bitkinin istehsalını genişləndirmək olar. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda qarğıdalının kütləvi şəkildə yetişdirilməsi elə də uyğun deyil. Çünki iqlim, torpaq şəraiti də nəzərə alınmır. Bu məhsul daha çox qara torpaqda yetişir. Ukrayna, Qazaxıstan, Rusiya və digər ərazilərdə qara torpaq zonaları var. Qarğıdalı qara torpaq zonalarında daha çox inkişaf edir və bol məhsul verir. Bu səbəbdən də ölkəmizə qarğıdalı idxalının artması təbii haldır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəmizdə əkilən qarğıdalı ildə iki dəfə məhsul verir: “İl ərzində eyni sahədə iki dəfə qarğıdalı əkib -becərmək olar. Qarğıdalıların məhsul yığımı yayda həyata keçirilir. Ondan əlavə qarğıdalını buğda, arpa, vələmir və digər bitkilər biçildikdən sonra onların yerinə əkmək olur. O baxımdan nəzərə alsaq, qarğıdalını yetişdirmək elə də çətin deyil”.
Günel CƏLİLOVA