“Google Maps” Azərbaycanla Ermənistanın arasında ikiüzlülük edir...
"Google" xəritə proqramına Azərbaycandan daxil olanda işğaldan azad olunmuş məkanlar bir dildə, başqa ölkədən daxil olduqda isə həm Azərbaycan, həm də erməni dilində yazılır.
“Google Maps” işğaldan azad edilmiş ərazi adlarını Azərbaycandan başqa bütün ölkələrdə paralel erməni toponimləri ilə yazır. İşğaldan azad olunmuş əraziləri xəritədə axtaran əksər xarici istifadəçi bu problemlə qarşılaşır.
Faiq Ələkbərli: "Google" xəritə proqramı xarici ölkələrdə işğaldan azad olunan ərazilərin adlarını hələ də erməni toponimi ilə yazırsa, bu o deməkdir ki, həmin şirkətdə ermənipərəstlər çalışır”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elçi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, işğaldan azad olunan ərazilərin adları "Google" xəritə proqramında başqa ölkələrdə erməni toponimi ilə yazılması düzgün deyil: “Torpaqlarımız geri alınıb, öz sahibindədir. Belə olan halda həmin yerlər Azərbaycan adı ilə yazılmalıdır. "Google" xəritə proqramı xarici ölkələrdə işğaldan azad olunan ərazilərin adlarını hələ də erməni toponimi ilə yazırsa, bu o deməkdir ki, həmin şirkətdə ermənipərəstlər çalışır. Onlar bilərəkdən axtarış proqramlarında Azərbaycan torpaqlarının xarici ölkələrdə iki dildə göstərir. Ermənilərin bu hərəkəti mənasızdır. Çünki hər kəs bilir ki, Azərbaycan öz gücü hesabına torpaqlarını geri alıb. Bu torpaqlar Azərbaycanındır. Ona görə də bütün beynəlxalq axtarış proqramlarında işğaldan azad olunan ərazilərin adları azərbaycan dilində yazılmalıdır”
Fərid Pərdəşünas: “Məlum problemlə bağlı “Google” şirkətinə dəfələrlə müraciət edilib”
Texnobloger Fərid Pərdəşünasun sözlərinə görə, məlum problemlə bağlı “Google” şirkətinə dəfələrlə müraciət edilib. Lakin şirkətdən bildirilib ki, həmin ərazilərdə olan digər xalqlar da nəzərə alınmalıdır: “Faktiki olaraq isə Laçında, Şuşada, Füzulidə hazırda yaşayanlar elə azərbaycanlılardır. Bu reallığı heç bir qüvvə dəyişə bilməyəcək”. Azərbaycanın ərazi bütövlüyü bütün dünyada tanınır. Beynəlxalq hüquqi qətnamələrdə Azərbaycan ərazi adları elə azərbaycan dilində yazılmalıdır. “Google” da gec-tez Azərbaycan həqiqətlərini qəbul edəcək”.
Günel CƏLİLOVA