DİN kibertalama ilə bağlı çağırış etdi - risklər artır, hər kəs diqqətli olmalıdır...
“Vətəndaşlar, kibertalamaya məruz qalma riskləri gündən-günə artır. Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bir sıra şəxslərin sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı vətəndaşlara müraciətində qeyd edib.
Faktları sadalayan E.Hacıyev deyib: “Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.
Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.
Kibercinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9 min, 8 min 485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3 min, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN nümayəndəsi bildirib.
O, kibertalamaya məruz qalma riskləri artdığına görə bir daha hər kəsi diqqətli olmağa çağırıb.
ZÜMRÜD