"Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur" - Prezident İlham Əliyev
Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur.
Bu sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söyləyib.
“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.