Daxili zeytun istehsalı tələbatımızı niyə ödəmir...
Kamran Məmmədli: “Aqrotexniki qaydalara əməl olunmaması bu sahənin də idxaldan asılılığına səbəb olur”
Azərbaycanda zeytun istehsalı üçün əlverişli şərait olsa da, nədənsə hələ də ölkəmiz bu sahə üzrə də idxaldan asılı olaraq qalır. Halbuki, əhalinin bu sahəni inkişaf etdirməyə marağı böyükdür.
Məlumdur ki, Azərbaycan zeytunçuluq sahəsi ilə məşhurdur. Maraqlıdır, yerli istehsal daxili təlabatı tam təmir etmir ki, adıçəkilən məhsul idxal olunur? Yoxsa başqa səbəblər var?
“Azərbaycanda zeytun istehsalı üçün əlverişli şərait olsa da, ölkəmizdə məhsuldarlıq aşağı olduğundan və sözügedən sahəyə ciddi fikir verilməməsi səbəbindən hələ də zeytun məhsulları idxal edilir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sovet dönəmində zeytunçuluq ixtisaslaşmış sahə idi. O zaman zeytunçuluqla bağlı bir sıra kolxoz və sovxozlar fəaliyyət göstərirdi: “Zeytun emal tələb edən sahə olduğu üçün, Sovet vaxtı bunun emal kompleksləri qurulmuşdu. Ancaq sonralar bu sahə diqqətdən kənarda qaldı və zeytun sahələri kifayət qədər azaldı. 2014-cu ilə qədər ölkədə cəmi 1400 hektara yaxın zeytun bağları olub. Daha sonra zeytun bağlarının sahəsi sürətlə artmağa başlayıb”.
Həmsöhbətimizin sözlərinə görə, zeytun ağacı 5 ildən tez məhsula düşmür. Bu isə sahibkarlar üçün problemdir: “Sahibkarlar yatırdıqları investisiyanın 5 il sonra məhsul verəcəyini gözləməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, elə məhsullar var ki, illər sonra yetişir. Zeytun, çay və digər bitkilər illər sonra məhsul verir. Onu da deyim ki, zeytun ağacı ən yüksək məlsuldarlığı dövründə belə 20-30 kiloqram məhsul verir. Zeytun elə bir məhsuldur ki, bununla tək böyük təsərrüfatları deyil, eyni zamanda, kiçik ailə təsərrüfatlarını da inkişaf etdirmək olar. Məlumdur ki, hazırda minlərlə ailə zeytunçuluqla məşğuldur. Dəniz qırağında, yol kənarında olan zeytun ağaclarından məhsulu yığıb emal prosesindən keçirdərək kustar üsulla satırlar. Kiçik ailə təsərrüfatlarında zeytun məhsullarının müxtəlif formada emalı üçün aidiyyəti qurumlar tərəfindən müvafiq şərait yaradıla bilər. Qonşu Türkiyədə zeytun yığılaraq içinə badam qoyularaq satışa çıxarılır. Bu qarışıma Türkiyədə deyil, eyni zamanda, Azərbaycanda da böyük tələbat var”.
K.Məmmədli bildirdi ki, Azərbaycanda zeytun istehsalı üçün əlverişli şərait olsa da, ölkəmizdə məhsuldarlıq aşağı olduğundan və sözügedən sahəyə ciddi fikir verilməməsi səbəbindən hələ də zeytun məhsulları idxal edilir: “Məhsuldarlığın aşağı olması səbəbindən də həmin məhsuldan kifayət qədər yararlana bilmirik. Aqrotexniki qaydalara əməl olunmaması bu sahənin də idxaldan asılılığına səbəb olur. Zeytun yağları kifayət qədər bahalı yağlardır. Ona görə də onu istehsal edib, gəlirlərimizi artıra və istehsalı dayanıqlı edə bilərik. İndilikdə isə zeytun yağı əsasən Türkiyə, İspaniya və İtaliyadan gətirilir”.
Günel CƏLİLOVA