Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2024-cü il mayın 13-dən iyunun 14-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun mühəndis hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
* kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
* şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
* xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
* təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
* doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
* şəxsiyyət vəsiqəsinin surəti (1 nüsxədə);
* nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
* uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri (uşaq olduqda, 1 nüsxədə);
* evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
* 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
* qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
* hərbi biletin bütün vərəqlərinin surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 13 may 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
NAMİQ