Mirzoyan delimitasiya prosesinə etiraz edən erməni diplomatları fərari adlandırdı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədlərin delimitasiya prosesinə etiraz edən erməni diplomatları fərari adlandırıb.
Trend xəbər verir ki, Mirzoyan bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan-Ermənistan sərhədlərin delimitasiya prosesinə etiraz edən "təcrübəli diplomatlar" vaxtilə öz vəzifələrini tərk edən fərarilərdir.
"Bu şəxslər Almatı Bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəf almaqla, Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəf alırlar. Onlar bunu ən yaxşı halda dərk etmədən, ən pis halda isə başqa bir dövlətin birbaşa sifarişi ilə edirlər", - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edənlərin nümayişi davam edir. Bu gün səhər saatlarına olan məlumata görə, İrəvanda saxlanılan nümayişçilərin sayı 151-ə çatıb.
Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.