İrəvan polisi etirazçıların kütləvi həbsinə başladı...
Ermənistan polisi bu gün səhər saatlarında İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.
Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, itaətsizlik aksiyasında 134 nəfər saxlanılıb. Aksiya iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıblar.
Hazırda müxalifət tərəfdarları arxiyepiskop Baqratın çağırışı ilə İrəvanın küçələrini bağlamağa başlayıb. Aksiyaların davam etdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Səhər saatlarından etibarən vətəndaşlar arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə etiraz aksiyalarını davam etdirirlər. Dünən Qalstanyan əhalini total tətil elan etməyə və şəhərləri iflic vəziyyətinə salmağa çağırıb.
Qeyd edək ki, mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Tavuş vilayətindən İrəvana doğru yürüşə başlayıb. Mayın 9-dan etibarən Ermənistan paytaxtında etiraz aksiyalarına start verib. Erməni kilsəsinin nümayəndələri də ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulub. Onlar Azərbaycanın işğal altında olan dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirlər.
Son günlər Ermənistan mediası və ekspertlər hərəkatın lideri arxiyepiskop Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti qarışdırmaqda günahlandırırlar.
ZÜMRÜD