Xaricdən ölkəyə yararsız ət idxalı problemi hələ də var...
Ölkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi daim ət yeməkləri ilə bəzəyirik.
Yerli istehsalla yanaşı, ölkəmizə ət idxal olunur. Ancaq istehsal olunan ət hər zaman keyfiyyətli olmur. Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd edilir ki, “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb.
Qeyd edək ki, bu hal istehsalçı şirkətdən Azərbaycana idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur. Qeyd edək ki, ölkəmiz ət istehsalçısı olmaqla yanaşı, həm də idxalçı ölkədir. Bu gün ölkədə heyvandarlığın inkişafı, ət istehsalının daha da artırılması və bu sahədə idxalın azaldılması vacibdir. Görəsən, həmin yararsız məhsulları ölkəmizə kimlər gətirir və hansı sahələrə yönəldilir?
Kamran Məmmədli: “Yararsız ətlər aşkar olunaraq geri göndərilir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ətə olan tələbatını tam ödəyə bilmədiyindən, əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir: “İdxal ətinin keyfiyyəti aşağıdır. Ona görə, keyfiyyətsiz olsa da, idxalçılar ucuz ət idxalında maraqlıdırlar. Bu ucuz ətdən, əsasən, yeyinti sənayesində, kolbasa istehsalında istifadə edilir. Sevindirici haldır ki, aidiyyəti qurumlar bu məsələdə aktiv fəaliyyət göstərir. Yararsız ətlər aşkar olunaraq geri göndərilir”.
Eyyub Hüseynov: “Yararsız elan olunan ətlər ölkənin əmtəə bazarına buraxılmayacaq, həmin ətlər ya utilizasiya olunacaq, ya da geri göndəriləcək”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yararsız elan olunan ətlər ölkənin əmtəə bazarına buraxılmayacaq. Həmin ətlər ya utilizasiya olunacaq, ya da geri göndəriləcək. Bu cür ətləri sahibkar gətirir. Həmin məhsulun yararsız olduğu aşkar olunur və istifadəyə yararsızdır deyə istifadəyə verilmir”.
Günel CƏLİLOVA