Azərbaycan və Türkiyə hökumətləri arasında protokol imzalandı
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticələrinə dair protokol və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planı imzalanıb.
Sənədi Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.
İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.