Abşeronda saxta spirtli içkilər hazırlayan daha bir dəstə ifşa edildi... - FOTO
Polis əməkdaşları gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Mikayıl Abbasov Abşeron rayonunun Masazır qəsəbəsində sex yaradaraq həmin şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. O, daha sonra paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Aparılan tədbirlərin davamı olaraq onların da saxlanılması təmin edilib.
Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar və qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb.
Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD