Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO
Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Baş prokuror Kamran Əliyev deyib ki, Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti olub: "Ulu öndərin fəaliyyəti tək ölkə daxilində yox, onun ölkə xaricində də geniş fəaliyyəti olub. Ulu öndərin tək Azərbaycanda yox, keçmiş SSRİ ərazisində tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir dövrdə H.Əliyevin xidmətləri nəticəsində Baykal-Amur magistralının tikintisi başa çatdırıla bilindi.Ulu öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”.
Baş Prokuror qeyd edib ki, Heydər Əliyevin tarixi çıxışlarına nəzər salsaq, Ulu Öndərin Azərbaycanın bugününü planladığını görə bilərik: "Ulu Öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idi.Bugün Azərbaycanın əldə etdiyi uğurların, qələbələrin təməli ulu öndər tərəfindən həmin dövrlərdə atılmışdı.
Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələ başlandı”.
Daha sonra tədbirdə millət vəkili Sadiq Qurbanov və digərləri çıxış edib.
Tədbirin sonunda Heydər Əliyev haqqında film nümayiş olunub.