Türkiyənin qərarı Azərbaycanda quş əti bazarına necə təsir edəcək?..
Türkiyə Ticarət Nazirliyi quş ətinin bahalaşmasının qarşısını almaq üçün toyuq əti ixracını qadağan etməyi planlaşdırır. Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Maraqlıdır, bu qərar ölkədə sözügedən məhsulların qiymətinə necə təsir edəcək?
Mürvət Həsənli: “Ölkəmiz üçün quş əti istehsalında heç bir qıtlıq və digər çətinlik gözlənilmir”
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, ölkəmiz üçün quş əti istehsalında heç bir qıtlıq və digər çətinlik gözlənilmir: “Hazırda ölkəmizdə kifayət qədər toyuq əti istehsalı mövcuddur. Bu, vətəndaşların istehlak tələblərini böyük ölçüdə qarşılaya bilir. Hazırda öz ölkəmizin toyuq əti tələbatının 85-90 faizini ödəmək potensialına sahibik. Qalan 10 faizlik tələbatımızı isə digər xarici ölkələrdən idxal etməklə qarşılayırıq. Quş əti idxal etdiyimiz ölkələrə Rusiya, Ukrayna, Belarus və digər MDB dövlətləri daxildir”.
Akif Nəsirli: “Türkiyədən quş əti idxalının dayanması böyük bir problemə səbəb olmayacaq”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda quş əti istehsalı kifayət qədərdir: “Türkiyədən quş əti idxalının dayanması böyük bir problemə səbəb olmayacaq. Sadəcə istehsalı artırmaqla arada yaranacaq boşluğu kompensasiya etmək mümkündür. Bu müsbət tendensiyadır. Ümumiyyətlə, ölkəmizdə quş əti problemi yaşanmayacaq. Hesab edirəm ki, bu qadağa ölkə daxilində quş əti məhsullarının satış qiymətinə təsir etməyəcək”.
Günel CƏLİLOVA