Karqo şirkətləri "göbələk” kimi çoxalır, narazılıq da artır...
Kamran Məmmədli: “Bu sahədə yaşanan problemləri həll etmək üçün bazarda sağlam rəqabət mühiti bərqərar etmək lazımdır”
Azərbaycanda kifayət qədər karqo xidməti göstərən firmalar, iri şirkətlər var. Vətəndaşlar bu karqo firmalarının köməyi ilə istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilir. Ölkədə çoxsaylı karqo şirkətləri fəaliyyət göstərsə də, lakin onların əksəriyyəti heç də müştərilərə lazımı xidmət göstərmir.
Bəzi hallarda karqo firmaları tərəfindən aldadılma, gecikdirilmə problemləri də olur. Bu problemlərə məhsulun gecikməsi, əşyanın zədəli çatdırılması, daşınma haqqının baha olması, bağlamanın sistemə gec vurulması, sifariş etdikləri məhsuldan başqa məhsul gəldiyi halda şirkətin kömək etməməsi və s. kimi hallar daxildir.
Qeyd edək ki, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sistemini istifadəyə verib. İKTA-dan verilən məlumata görə, sistemin imkanları genişləndirilir. Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir. "E-Şikayət" sistemi karqo şikayətlərinin qarşısını ala biləcəkmi? Ümumiyyətlə, bu sahədə yaşanan problemlər necə həll olunmalıdır?
“Daxili bazarda daşımaların formalaşdırılması üçün nizamlayıcı və təşviq edici tədbirlərə ehtiyac var”
İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, "E-Şikayət" sistemi karqo şikayətlərinin qarşısını ala bilməyəcək: “Şikayətlərin elektron şəkildə qeydə alınması karqo şirkətlərinin məsuliyyətini artıracaq. Müəyyən statistika üzrə reputasiyanın olması şirkətləri öz işlərini daha yaxşı görməyə vadar edə bilər”.
İqtisadçının sözlərinə görə, həm sahibkarlar, həm də sıravi vətəndaşlar xaricdən sifariş etdikləri məhsulları çox əziyyətlə əldə edə bilirlər. Bu vəziyyət vaxt itkisi olmaqla yanaşı, bəzi məhsulların xarab olmasına da səbəb olur: “Bu sahədə yaşanan problemləri həll etmək üçün bazarda sağlam rəqabət mühiti bərqərar etmək lazımdır. Dayanıqlı keyfiyyət dəyişikliklərinə nail olmaq istəyiriksə, bazar iqtisadiyyatı şərtlənirə əməl etmək lazımdır. Yüngül sənaye ölkəmizdə zəif inkşaf etdiyindən, kargo şirkətləri üzərindən geyim və bu qəbildən olan digər məsullara tələbat gözləniləndən artıqdır. Daxili bazarda isə daşımaların formalaşdırılması üçün nizamlayıcı və təşviq edici tədbirlərə ehtiyac var”.
Günel CƏLİLOVA