Simonyanla Sahibə Qafarovanın görüşündən sonra kəskin suallar yarandı...
Tural İsmayılov: “Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı prizmasından yanaşanda...”
Martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Ermənistan Parlamentinin sədri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş olub. “Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.
Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.
Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün dəstəyi müzakirə edilib. Tərəflər parlamentlərarası dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.
Məlum olduğu kimi, Simonyanla Sahibə Qafarovanın görüşündən sonra kəskin suallar yarandı.
Parlamentlərarası təmaslar Azərbaycan-Ermənistan sülh prosesinə nə fayda verə bilər?
“Bu görüşlərlə bağlı konkret, dəqiq mövqe ortaya qoymasa, o zaman görəcəyik ki, Ermənistan öz ənənəvi xəttini davam etdirir”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Hər halda, Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi üçün müxtəlif platformalarda dialoqlar əhəmiyyətlidir. Ümumiyyətlə, ölkələrarası münasibətlərdə təkcə diplomatik təmaslar deyil, prezidentli respublikalarda və parlamentli respublikalarda qanunverici hakimiyyət orqanının rəhbəri, eyni zamanda mədəniyyət və media nümayəndələrinin qarşılıqlı səfərləri və görüşləri həyata keçirilir. O baxımdan iki ölkə arasında ümumiyyətlə problemlərin müzakirəsi və gələcək dövrlərə keçirilməsi baxımından parlament rəhbərlərinin görüşlərinin də daimi keçirilməsi lazımdır. Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı prizmasından yanaşanda da müxtəlif siyasi institutlarının təmsilçilərinin qarşılıqlı təmasları iki ölkə münasibətlərinə fayda verə bilər” - deyə bildirdi.
T.İsmayılovun fikrincə, Simonyanla Sahibə Qafarovanın görüşünün nəticəsi olaraq, ola bilsin, bundan sonra bu görüşlərin sayı artırılsın. Politoloqa görə, əlbəttə, Ermənistan bu görüşləri də sabotaj etməsə, nəticə gözləmək olar. “Əgər görüşlərdə çeviklik təmin edilsə, daimilik qazanılsa, fikrimcə, bu o demək olacaq ki, iki ölkənin parlament rəhbərlərinin görüşü artıq davamlı bir prosesə çevrilib. Yox, əgər Ermənistan bunu da sabotaj etsə, Alen Simonyan bundan sonra paralament rəhbərləri səviyyəsində təşkil ediləcək görüşlərdən imtina etsə, yaxud bu görüşlərlə bağlı konkret, dəqiq mövqe ortaya qoymasa, o zaman görəcəyik ki, Ermənistan öz ənənəvi xəttini davam etdirir” - deyə T.İsmayılov əlavə etdi.
İradə SARIYEVA