170 qitələrarası ballistik raket və 2 min nüvə başlığı Ukraynanın özünə qaytarılır...
Məhəmməd Əsədullazadə: “Belə müzakirələr Rusiyanı çəkindirmək məqsədi daşıyır”
ABŞ və bir sıra Avropa ölkələrinin bəzi rəsmiləri 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ittifaqın tərk etdiyi nüvə silahlarının Ukraynaya qaytarılmasını təklif ediblər. Bu barədə The New York Times məlumat yayıb.
Bu mövzu Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarının müzakirəsi zamanı qaldırılıb. Məqalə müəllifləri qeyd ediblər ki, belə bir addımı həyata keçirmək çətindir və ciddi nəticələrə səbəb ola bilər.
Məlumat üçün qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Ukrayna 170 qitələrarası ballistik raket və 2500-dən çox taktiki raketlə dünyanın üçüncü ən böyük nüvə dövlətinə çevrilmişdi. Lakin 1996-cı ildə əldə olunan razılaşma nəticəsində bu nüvə silahları Rusiyaya verildi və Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşuldu.
Ancaq nəinki The New York Times qəzetində, ümumiyyətlə son günlər Rusiyanı dayandırmaq üçün nüvə silahlarının Ukraynaya qaytarılması ilə bağlı informasiyalar artır. Hətta Zelenski üstüörtülü buna eyham vurur. Maraqlıdır, belə bir varianta Qərb əl ata bilərmi?
“Ancaq növbəti mərhələdə Qərbin Ukraynaya nüvə silahı verəcəyini istisna etmirəm”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “1994-cü ildə imzalanan Budapeşt sammitinə əsasən, həm Qərb, həm Rusiya Ukraynanın təhlükəsizliyinə qarantiya veriblər. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri Ukraynaya nüvə silahı olmayan dövlət kimi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik zəmanətləri verən memorandum imzaladılar. Dörd tərəf preambula və altı bənddən ibarət memorandum imzaladı. Ancaq bu, zəmanətlər özünü doğrultmadı və Ukraynanın təhlükəsizliyi sual altında qaldı. Problemi mürəkkəbləşdirən amil o oldu ki, Ukraynanın təhlükəsizliyinə zamin duran dövlətlərdən birə bu ölkəyə hücum edib. Rusiya Ukraynaya hücum etməklə, Budapeşt razılaşmasının üstündən xətt çəkdi. Qərbdə indi Ukraynaya nüvə silahının verilməsi barədə müəyyən diskussiyalar gedir. Hesab edirəm ki, belə müzakirələr Rusiyanı çəkindirmək məqsədi daşıyır. Rusiya tərəfi Qərbi nüvə təhdidi ilə şantaj edir. Tərəflər arasında münasibətlər çox kəskindir. Ancaq növbəti mərhələdə Qərbin Ukraynaya nüvə silahı verəcəyini istisna etmirəm. Ancaq hazırkı mərhələdə Qərb buna getməyəcək və yalnız Ukraynaya adi silahlar verəcək. Silah təminatı lazımı səviyyədə olarsa, Ukrayna Rusiyanın hücumunu dayandıra bilər. Fikrimcə, Qərb hələ buna getməyəcək. Ukraynaya F-16 təyyarələri, mərmilər, yeni artilleriya qurğuları daha çox lazımdır, nəinki nüvə silahı. Çünki Ukraynanın əlində nüvə silahı olarsa, bunun risqləri çox böyük olacaq. Hələlik görünən odur ki, yanvarın 20-nə qədər tərəflər arasında döyüş daha da şiddətlənəcək. Rusiya çalışır ki, Tramp səlahiyyətlərini icra etməyə başlayanda daha güclü vəziyyətdə olsun”.
Vidadi ORDAHALLI