Avroittifaqla ABŞ Ermənistanın əli ilə Cənubi Qafqazda müharibə hazırlığına başladı...
Sirr deyil ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin bir çoxunun əsasında bəzi böyük dövlətlər tərəfindən beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur. Bununla Azərbaycan da üzləşib. İlk növbədə, 30 ilə yaxın müddət ərzində məhz bu riyakar siyasət nəticəsində Azərbaycanın 20% ərazisi işğal altında saxlandı, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı.
Bu vəziyyətin uzun illər davam etməsinin əsas səbəblərindən biri isə məhz ikili standartlar oldu. Buna görə də Azərbaycanın münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində göstərdiyi bütün cəhdlər nəticəsiz qaldı. Yalnız bütün bunlardan sonra ölkəmiz 2020-ci ildə 44 günlük müharibə ilə işğala son qoymaq məcburiyyətində qaldı.
Amma Azərbaycana qarşı yenə ikili standartların tətbiqi davam edir. Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı bunun daha bir isbatıdır. Tədbirin mahiyyətindən belə bəlli olur ki, o, regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir, uzun müddətdir davam edən ikili standartların, qərəzli yanaşmaların bilavasitə davamıdır. Ümumiyyətlə, bütün proseslərin sülhə doğru istiqamət aldığı bir məqamda Avropa İttifaqı və ABŞ-ın xoş olmayan belə bir məramı, sözsüz ki, başadüşülən deyil. Əslində onlar nümayiş etdirdikləri belə tərzlərlə regionda sülh prosesini əngəlləyirlər. Bu fonda ölkənin Xarici İşlər Nazirliyinin məsələyə sərt reaksiyası tamamilə təbii xarakter daşıyır. Qurumun açıqlamasında diqqət ilk növbədə ona yönəldilir ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Ancaq ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan Monitorinq Potensialı əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Bununla yanaşı, nazirlik diqqəti ona da yənəldir ki, narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır: “Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”.
Qurum bildirir ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Ekspertlər hesab edir ki, Qərb təmsilçiləri tərəfindən pozucu, bölücü addımlar yalnız gərginliyə səbəb olur, münasibətlərin normallaşmasına maneə törədir. Həmçinin 30 il davam etmiş münaqişə dövründə əsasən susqunluğu ilə yadda qalan, hər şeyi Minsk Qrupunun üzərinə atan dövlətlərin və təşkilatların bu gün əl-ayağa düşməsi də maraq doğurur. Daha bir nüans odur ki, bu gün Qərb Ukrayna cəbhəsində Rusiyaya qarşı açıq silahlı mübarizə aparır. Lakin bu mübarizə o qədər də effektli deyil. Belə olan halda Ermənistan vasitəsilə Cənubi Qafqazda da Rusiyaya qarşı ikinci cəbhənin açılması ehtimalları çox böyükdür. Proseslər bu istiqamətdə cərəyan edir. Xatırladaq ki, vaxtilə Ukrayna, Gürcüstana da hazırda Ermənistana təklif olunan əlavə təhlükəsizlik təminatları verilmişdi. Amma nəticənin nə olması göz qabağındadır. İndi Ermənistanda da analoji hadisələr baş verə bilər. Hər halda Aİ və ABŞ-ın Ermənistan siyasəti buna dəlalət edir. Ermənistanı müharibəyə hazırlayan Qərb müxtəlif istiqamətlərdə anti-Azərbaycan təbliğatı aparır, İrəvanı silahlandırır, eyni zamanda Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək yönündə fəaliyyət göstərir. Bu, ümumi region üçün problemə çevrilir.
Tahir TAĞIYEV