Sadiqin Vətənə sevgi payı...
44 günlük haqq savaşımızda Sadiq Nadir oğlu Rəhimov sinəsini Vətəninə sipər etməklə adını tarixə yazdı. Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Sadiq indi bütün Azərbaycan xalqının fəxridir. Bəli, Sadiq kimi qeyrətli oğullar 30 il düşmən əsarətində olan müqəddəs Vətən torpaqlarına axıtdığı qanı ilə bir daha xalqımızın mənliyini, kimliyini dünyaya bəlli etdilər.
1997-ci ildə Lerik rayonunun Veri-Əliabadı kəndində anadan olmuş Sadiq Rəhimov lap kiçik yaşlarında doğma Azərbaycana bağlanıb. Boy ata-ata mənfur düşmənin işğalçılıq hərəkətlərini heç cür qüruruna sığışdıra bilməyib. Odur ki, orta məktəbi bitirib ordu sıralarına gedib. Cəbhə bölgəsində Vətənini hər şeydən üstün tutmaqla ona ləyaqətlə xidmət edib. Və Qarabağımızın işğaldan azad olması naminə hər an yağı düşmənlə döyüşə can atıb.
Əsgərlikdən sonra evə dönən Sadiq bir belə rahatlıq tapmayıb. Axı düşməndən alacağı öcü qalırdı. Həmin qisas gününü gözləyib.2020-ci ilin 27 sentyabrda arzuladığı məqam yetişib. Vətən müharibəsinin ilk günündə Sadiq digər qeyrətli oğullar kimi silah götürüb ön cəbhəyə gedib. İştirak etdiyi Füzuli və Xocavənd uğrunda ağır ölüm-dirim savaşında rəşadət nümunəsi göstərərək erməni dığalarına ciddi itkilər verib. Döyüş meydanında yağıya ürəyincə qan qusdurub şəhidlik zirvəsinə ucalıb. Bununla da Vətənini canından artıq sevən qəhrəman Sadiq könüllərə köç edərək əlçatmaz, ünyetməz bir ömür qazanıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Sadiq Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin və Şuşanın azadlığına görə medalları ilə təltif olunub.
Leriklilər Azərbaycanımızın qürur yeri olan zəfər şəhidi Sadiq Rəhimovun xatirəsini əziz tutmağı özlərinə müqəddəs borc bilirlər. Həmişə onu böyük ehtiramla yada edirlər. Şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümündə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri ölümsüzlüyə qovuşan qəhrəmanın məzarına baş çəkdilər, ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri düzdülər. O da bildirildi ki, şəhid Sadiqin ömür yolu nə qədər qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb. Vətən, torpaq yolunda canından keçənlər heç vaxt ölmürlər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü