Rusiya Paşinyanın "Sülh kəsişməsinə” həmlə etdi - "Zəngəzur dəhlizinin alternativi deyil"...
Ramiyyə Məmmədova: “Zaxarova bir daha sübut etdi ki, Rusiya bunun üçün təklif olunan heç bir alternativi qəbul etmir”
Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Nikol Paşinyan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi Mehri və ya digər marşruta alternativ deyil:
“Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır. Dekabrın 15-də İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının 22-ci iclası çərçivəsində Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk layihəni dəstəklədiyini bildirib və onun həyata keçirilməsinə Rusiyanın töhfəsini qeyd edib. Qeyri-regional oyunçulara gəlincə, onların Cənubi Qafqazda kommunikasiyaların qarşısının alınmasına kömək etmək istəməməsi yalnız siyasi vəziyyətin mülahizələri ilə izah olunur. Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə, öz qonşuları ilə qarşılıqlı əlaqəsini artırmaqda maraqlı deyillər, başqalarının maraqlarını düşünmədən regionu parçalamağa, orada özlərini, öz maraqlarını təqdim etməyə çalışırlar. Beləliklə, ölkələr arasında ziddiyyətlər daha da kəskinləşir”.
Rusiya Zəngəzur dəhlizinin açılmasının zəruriliyinə növbəti dəfə dəstək ifadə etmiş olur. Belə çıxır ki, Ermənistanın elan etdiyi alternativ iflasa gedir. Rusiyanın belə korrekt mövqeyi Zəngəzur dəhlizi ilə bağlı proseslərə necə təsir edəcək?
Politoloq Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb: “Zəngəzur dəhlizi layihəsinin icra edilməməsinin yeganə səbəbi Ermənistanın sərgilədiyi mövqedir. Paşinyan öhdəliklərindən boyun qaçırır. O, açıq şəkildə Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya edir. Təsadüfi deyil ki, Paşinyan yeni layihəni təqdim edərkən Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir. Paşinyan Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq layihəsində Rusiyanı kənara qoyur. Halbuki, regionda Rusiyanın iştirakı olmadan belə layihələrin baş tutması çətindir. Üstəgəl, Paşinyan bunu Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda deyirsə, bu, başqa oyunçuları Moskvaya qarşı qoymaq cəhdidir.
Bütün bunlar Cənubi Qafqazda Ermənistanın ənənəvi pozuculuq siyasətini davam etdirdiyini ifadə etməklə yanaşı, rəsmi İrəvanın bir sıra kosmetik geosiyasi dəyişikliklərə də baş vurduğunu göstərir. Amma faktiki olaraq, Paşinyanın alternativ təklifi piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu onların öhdəliyidir. Bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir. Ermənistanın alternativ olaraq irəli sürdüyü, Fransanın izinin hiss olunduğu “sülh qovşağı” layihəsi avantüra, sülh danışıqlarına süni yaradılan əngəldir. Hazırda coğrafi iqlim şəraitini nəzərə almaqla tam əminliklə söyləmək olar ki, bölgə üçün ən düzgün variant Azərbaycanın təklifidir. Rusiya birmənalı olaraq Zəngəzur dəhlizini dəstəkləyir. Zaxarova bir daha sübut etdi ki, Rusiya bunun üçün təklif olunan heç bir alternativi qəbul etmir. Ermənistana bu təzyiqin qabağında durmaq çox çətin olacaq”.
Məhəmmədəli QƏRİBLİ