ABŞ Kəlbəcər qızılını talayan rusa sanksiya tətbiq etdi, bəs ermənilər?..
Yəhya Babanlı: “Cənubi Qafqaz respublikası - türk kökənli Azərbaycanın inkişafı ABŞ-ı narahat edir”
2024-cü il fevralın 23-də ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Vaşinqtonun yeni sanksiyalar paketinə 500 fiziki və hüquqi şəxs daxil olub.
Sanksiyalar ABŞ Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamenti tərəfindən birgə tətbiq olunub.
Sanksiyalar paketində, həmçinin, Rusiyanın Kəlbəcərdə qızıl yataqlarını istismar edən "GeoProMining" şirkətlər qrupu da yer alıb. Belə ki, şirkətlər qrupunun Ermənistandakı aktivlərinə "Zəngəzur Mis-Molibden Kombinatı", Zod qızıl yatağını istismar edən "GeoProMining Gold", Ararat qızıl çıxarma zavodu və "Əkərək (Aqarak) Mis-Molibden Kombinatı" daxildir.
Göründüyü kimi, Azərbaycanın Kəlbəcər, Zəngilan rayonlarında qızıl yataqlarını istismar edən şirkətə ABŞ sanksiya tətbiq etdi. Maraqlıdır, bəs Ermənistana niyə sanksiya tətbiq etmir? Axı həmin şirkətin gəlib Azərbaycanın ərazilərində qızılı istismar etməsinə Ermənistan şərait yaradıb. Bütün bunlar məhz Ermənistanın yardımı ilə baş verib. O zaman necə ola bilər ki, sanksiya Rusiyanın şirkətinə tətbiq olunsun, amma həmin şirkəti Ermənistanda himayə edənlərə belə sanksiyalar tətbiq edilməsin?
“Belə olmasaydı, Vaşinqton işğal dövründə sərvətlərimizi talayan Ermənistana da sanksiya tətbiq edərdi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı belə ədalətsiz yanaşmanın sərgilənməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, bütün bunların Rusiyada keçiriləcək seçkilərlə birbaşa əlaqəsi vardı. Seçkilərin favoriti Vladimir Putinə qarşı hesablanmış anti-addımdır və pressinq vasitəsidir. Biz, cənab İlham Əliyev xüsusunda şahidik ki, AvroAtlantik məkan güclü liderlərə qarşı çox qısqanc davranır. Obrazlı desək, bu, ABŞ-ın Rusiyaya prezident seçkiöncəsi sürprizi və ya cəmiyyətdə soyuq duş effekti yaratmaq istəməsidir. ABŞ həmişə fövqəlbəşər dövlət kimi dünyanın hər yerində öz nəhəngliyini göstərmək və ən əsası, seçki proseslərində demokratiya brendi altında təsir mexanizmləri nümayiş etdirmək niyyəti güdür. Eyni zamanda, Rusiyaya sərgilədiyi son münasibətlə Avropa və Ukrayna ilə həmrəyliyinə eyham vurur. Bir sözlə, gözdən pərdə asır. O ki qaldı Azərbaycan və Ermənistana bənzər məsələdə fərqli mövqe nümayiş etdirməsinə, burada da ikili standart var. Bu məsələdə də Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə olunur. Azərbaycanı belə hallara körpü etmək mümkün deyil. Birincisi, Azərbaycanın müstəqil və sərrast siyasət yürütməsi, habelə suveren ölkə kimi yüksəlişi və nüfuzunun güclənməsi. İkincisi, Rusiya ilə Azərbaycanın etimada və səmimiyyətə söykənən münasibətlərinə xələl gətirilməsi. Cənubi Qafqazda alət rolu oynayan Ermənistan hakimiyyəti mücərrəd hərəkət fəaliyyəti ilə tez-tez mövqe dəyişdirir. Bu da yerləşdiyimiz coğrafiyada maraqlı olan güclərin mənafeyinə cavab verir. Məhz Qarabağın bütün sərvətləri, Fransa daxil, hazırda sülhə mane olan, eyni məsələyə fərqli münasibət göstərən dövlətlərin marağında olduğunun əyani sübutudur. Əfsuslar olsun, açıq-aşkar şəkildə görünür ki, Cənubi Qafqaz respublikası - türk kökənli Azərbaycanın inkişafı ABŞ-ı narahat edir. Çünki sabitlik müstəmləkəçilərin çıxarları ilə daban-dabana ziddiyyət təşkil edir. Belə olmasaydı, Vaşinqton işğal dövründə Azərbaycanın sərvətlərini talayan Ermənistana da sanksiya tətbiq edərdi”.
Vidadi ORDAHALLI