"Məktəbdə xoşagəlməz hadisədən "layk" xətrinə istifadə etmək ayıbdır" - Nazir
Şüvələnda iki qız arasında baş verən hadisə ilə bağlı cinayət işi aparılır. Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Burada müəllimləri, məktəbləri qınamaqda heç bir fayda və nümunəvi davranış görmürəm. Gözləntimiz odur ki, müəllimlərə qarşı hörmətsizlik edilməsin. Müəllimlərə qarşı hörmətsizlik yolverilməzdir.
Yeniyetmələr arasında cinayət halları yalnız bizim ölkədə olmur, başqa ölkələrdə də olur. Bu və ya digər problemin həllində mütləq qaydalara əməl etmək vacibdir”, - deyə nazir bildirib.
Nazir deyib ki. məktəb direktorunun istintaq aparması düzgün deyil.
“Hadisə baş verəndə 3-4 ay sonra yox, vaxtında məlumat verilməlidir. Son 2-3 həftədə videolar var ki, hadisə noyabrda baş verib, lakin media və sosial şəbəkələrdə yeni hadisə kimi təqdim edilir. Məktəbdə xoşagəlməz hadisədən "layk" xətrinə istifadə etmək ayıb hadisədir.
Bu hadisələrin müzakirəsi həddində olmalıdır. İnsan özünü ucaltmaq üçün kimisə alçaltmamalıdır”, - deyə nazir bildirib.