Bir sıra zəruri uşaq dərmanları daha sürətlə bahalaşır...
Pərvanə Mustafayeva: “Dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır”
Azərbaycanda dərman preparatlarının qiyməti kəskin şəkildə artmaqda davam edir. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan qızdırma, öskürək, soyuqdəymə dərmanları və eləcə də vitaminlərin qiyməti durmadan artır.
Dərmanların satış qiymətinin günü-gündən artması narazılığa səbəb olur.
Maraqlıdır, dərmanların qiyməti necə tənzimlənə bilər?
“Dərmanların baha olmasına səbəb monopolist şirkətlərdir, belə şirkətlər rəqabət mühitini korlayır, istədiyi preparatı istədiyi qiymətə öz apteklər şəbəkəsində satır”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, biz idxaldan asılı vəziyyətdəyik: “İstehsalçı ölkə olmadığımız üçün dərmanların 95 faizi xaricdən gətirilir. Bu idxal zamanı müəyyən tələb və normativlər var ki, həmin preparatlar qeydiyyatdan keçməlidir. Lakin qeydiyyatdan öncə Səhiyyə Nazirliyinin tərkibindəki Analtik Ekspertiza Mərkəzi həmin dərman vasitələrinin tərkibinin uyğunluğunu yoxlayır. Əgər yoxlanış zamanı dərmanların keyfiyyətsizliyi aşkar olunubsa, miqdar normativləri uyğun deyilsə, onların idxalına qadağa qoyulur. Yəni dərmanlar idxaldan öncə keyfiyyət analizindən keçir. Dərmanların baha olmasına səbəb monopolist şirkətlərdir. Belə şirkətlər rəqabət mühitini korlayır, istədiyi dərmanı istədiyi qiymətə öz apteklər şəbəkəsində satır. Məlumdur ki, Tarif Şurası dərman preparatları üçün vahid qiymət təyin edib. Əgər dərmanlar bir aptekdə digərindən baha satılırsa, o zaman Tarif Şurasının qaynar xətti ilə əlaqə saxlamaq lazımdır”.
Ekspert hesab edir ki, bəzi dərmanların əlavə dəyər vergisi azaldılmalıdır: “Bəzi dərman məhsulları var ki, onun rüsumları, vergisi digərlərinə nisbətən azaldılmalıdır. Həssas təbəqənin daha çox hansı məhsullardan istifadə etdiyi müəyyən olunmalıdır. Vergiləri azaltmaqla problemləri həll etmək mümkündür. İdxal da azaldılmalıdır. Rüsumun və əlavə dəyər vergisinin differensasiyasına ehtiyac var".
Həkimin sözlərinə görə, dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır: “Dərmanların qiymətini Tarif Şurası təsdiq edir. Kimsə tətbiq olunan qiymətdən baha satırsa, hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bazarda satılan tərəvəz deyil ki, istənilən qiymətə satılsın. Strateji məhsuldur. İnsanların sağlamlığıdır. Onlara qoyulan qiymətlər dəyişməməlidir. Birbaşa nəzarət çətindir, buna görə də dərmanların elektron şəkildə qiymətləri olmalıdır. İnsanlar elektron resursa daxil olub, qiyməti öyrənə bilməlidirlər. Ancaq bu cür tənzimləmək olar”.
Günel CƏLİLOVA