Paşinyanın Zəngəzur dəhlizinə alternativ cəhdləri uğursuz şəkildə davam edir...
Elçin Qurbanov: “Sülh kəsişməsi” heç bir halda Zəngəzur dəhlizinə alternativ ola bilməz”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Londonda Zəngəzur dəhlizinin erməni variantını təqdim edib. Ermənistan xarici işlər naziri və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti arasında Londonda baş tutan görüş zamanı siyasi, ticarət-iqtisadi məsələlər, təhlükəsizlik və digər mövzular müzakirə olunub.
Tərəflər Cənubi Qafqazdakı vəziyyətə və Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə toxunublar. Mirzoyan Ermənistanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsini təqdim edib, onun regionda sabitliyin bərqərar olması kontekstində həyata keçirilməsinin faydalarını qeyd edib.
Bu layihə doğrudan da Zəngəzura alternativ ola bilərmi?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun adına həm də “Sülh kəsişməsi” deyirlər: “Oktyabrın 26-da Gürcüstanın Tiflis şəhərində keçirilən İpək Yolu Forumunda Ermənistanın baş naziri İrəvanın “Sülh kəsişməsi” layihəsi ilə bağlı təklifini ilk dəfə rəsmi şəkildə irəli sürüb.
Nikol Paşinyan deyib: “Bu layihənin əsas məqsədi avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabel və ötürücü xətlərin yenidən qurulması, tikintisi və istismara verilməsi yolu ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında əlaqə yaratmaqdır”.
Onun sözlərinə görə, İrəvan yaxın vaxtlarda Azərbaycan, Türkiyə, Gürcüstan və İran hökumətlərinə bu layihə üzərində işə başlamaq üçün rəsmi sorğu göndərəcək.
Görünür, İrəvanın bu təşəbbüsü Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə alternativdir. Həmin dəhlizin məqsədi Ermənistanın cənubundakı Sünik vilayətindən keçməklə Naxçıvana birbaşa çıxış üçün marşrut xəttinin çəkilməsidir.
Qeyd edək ki, Paşinyan “Sülh kəsişməsi” layihəsində Rusiyanın rolunu qeyd etməyib. Halbuki, Ermənistanın dəmir yollarını Rusiya idarə edir, habelə Rusiyanın sərhəd qüvvələri Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Orta dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir. Azərbaycan bu marşrutun ən önəmli halqalarından birini təşkil edir və Zəngəzur dəhlizinin işə salınması bu dəhlizin əhəmiyyətini daha da artıracaq, yüklərin daşınmasını sürətləndirəcək. Bundan əlavə, Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar da Azərbaycandan keçir. Orta dəhliz vasitəsilə daşınan yüklər ölkə ərazisində sözügedən dəhlizlərə inteqrasiya edilmiş yollar vasitəsilə daşına bilər. Eyni zamanda bu layihənin reallaşması, Zəngəzur dəhlizinin işə salınması Azərbaycanın Şərqi Zəngəzur regionunun da inkişafına böyük təkan verə bilər.
Məlum olur ki, son günlər Qərb rəsmilərinin Azərbaycana və Mərkəzi Asiyaya səfərlərinin kökündə məhz dəhliz maraqları durur. Qərb artıq regionda sözügedən beynəlxalq layihələrdə əsas söz sahibinin Azərbaycan olduğunu gözəl dərk edir. Bu səbəbdən də münasibətləri yaxşılaşdırmaq, layihələrin reallaşmasına yardımçı olmağı istəməlidir. Çünki Azərbaycan ərazisindən keçən beynəlxalq layihələr vasitəsilə əsasən Avropaya daşınmalar həyata keçirilir.
Bu baxımdan da, “Sülh kəsişməsi” heç bir halda Zəngəzur dəhlizinə alternativ ola bilməz”.
Məhəmmədəli QƏRİBLİ