ABŞ və Avropa İttifaqı Ermənistandakı siyasi təqiblərə inadla susur...
“Erməni demokratiyasının gücləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşlar ölkə hakimiyyətinə təzyiq göstərməli və baş nazir Nikol Paşinyana qarşı zorakılığa çağırışda ittiham olunan vəkil Muşeq Şuşanyanın azadlığa buraxılmasına nail olmalıdırlar.
Ermənistanın müxalifət nümayəndələri bunu bildiriblər”. Qeyd edilən fikirlər “Kavkazskiy Uzel” nəşrində yer alıb.
Nəşrin yazdığına görə, “Milli Demokratik Qütb” siyasi blokunun tərəfdarı, vəkil Muşeq Şuşanyan ötən il sentyabrın 29-da Nikol Paşinyana qarşı fiziki zorakılığa çağırış etdiyinə görə həbs edilib. Şuşanyanın silahdaşları onun həbsini siyasi təqib kimi qiymətləndiriblər. İstintaqın məlumatına görə, 2023-cü ilin mayında PDP adlı “YouTube” kanalında “Nikolun fiziki məhv edilməsi açıq-aydın doğrudur. Muşeq Şuşanyan” başlığı ilə video yayımlanıb. Həmçinin sentyabrın 22-də özünün “Facebook səhifəsində” Şuşanyan qeyd edib ki, “erməni oyanışı yalnız bir şərtlə başlaya bilər, o halda ki, Nikol və Vətəni satanların bütün qrupu edam edilsin”. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 3 ilədək həbsi nəzərdə tutan 330-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. “Milli Demokratik Qütb”ün gənclər qanadı ABŞ, Fransa və Avropa İttifaqını vəkil Muşeq Şuşanyanı azad etmək üçün Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çağırıb. “Kavkazskiy Uzel” yazır ki, onlar Fransa və ABŞ səfirliklərinə, eləcə də Avropa İttifaqının nümayəndəliyinə belə çağırışlarla məktublar göndəriblər. Fəalların məktublarında xüsusilə qeyd olunur ki, Qarabağ müharibəsi veteranı, döyüşlər zamanı yaralanmış hüquqşünas Muşeq Şuşanyan hakimiyyəti kəskin tənqid etdiyinə görə həbsdədir. “Məhkəmə dilin təhqiramizliyindən asılı olmayaraq, xüsusən də tənqid siyasi xarakter daşıdığından, Şuşanyanın söz azadlığı hüququnu qorumalı idi. Amma məhkəmə hakim qüvvəyə rəvac verərək, Şuşanyan barədə əsassız və qanunsuz həbs qərarı çıxarıb. Məhkəmə söz azadlığının boğulmasına şərik oldu, istənilən tənqidi boğdu və Şuşanyanın siyasi təqibinə görə bilavasitə məsuliyyət daşıyır”, - məktubda qeyd edilir. Müxalifətçilər demokratiyanın möhkəmləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşları Şuşanyanın azadlığa buraxılmasına nail olmağa çağırıblar.
Muşeq Şuşanyanın vəkili Arayik Papikyan qeyd edib ki, müvəkkilinin işi noyabrda məhkəməyə göndərilib, lakin o vaxtdan bəri həbs müddətinin uzadılması ilə bağlı yalnız iki iclas təyin edilib: “Məhkəmə həbs müddətini martın 28-dək uzadıb. İşdə heç bir şahid və ya ekspert rəyi yoxdur – yalnız Şuşanyanın ifadəsi və “Facebook”da dərc etdiyi yazıların skrinşotlarıdır. Hakim bunları araşdırmalı, sonra müşavirə otağına çəkilməli və hökm elan etməlidir. Bu cür işə 10 dəqiqəyə baxıla bilər, amma məhkəmə süni şəkildə yubadılır. Eyni zamanda Şuşanyan öz sözlərindən dönmür, Paşinyanın xain olduğunu bəyan edir”. Müdafiəçi vurğulayıb ki, Şuşanyanın işi açıq-aşkar siyasi xarakter daşıyır: “Müdafiə tərəfi hakim qüvvənin nümayəndələri tərəfindən səslənən hədə və ya zorakılıq çağırışları faktlarını təqdim edib. Xüsusən, hakim partiyanın deputatlarından biri rəqibinə silah götürüb intihar etməyi təklif edib, digəri isə rəqibinin dilini və qulaqlarını kəsməklə hədələyib. Bütün bunlar canlı yayımda deyilib. Amma onların açıqlamasını istintaq zorakılığa çağırış kimi qiymətləndirmir və Şuşanyan “Paşinyan intihar etsə, yaxşı olardı” ifadəsi ilə zorakılığa çağırışda ittiham olunur”. Vəkil bildirib ki, ötən ilin sentyabrında Qarabağda mövcud olmuş separataçı rejimin təslim olmasına qarşı keçirilən etiraz aksiyalarından sonra 8 nəfər zorakılığa çağırışda ittiham olunub: “Kimsə zaminə buraxılıb, kiminsə həbsi ev dustaqlığı ilə əvəzlənib, bir müddət sonra isə götürülüb, amma Şuşanyan artıq 4 aydır ki, həbsdədir. Məhkəmə onun qaça biləcəyinə qərar verib, amma bu, absurd bəyanatdır. Nə vaxt ki, təhlükəsizlik qüvvələri onu həbs etməyə gəliblər, Şuşanyanın qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana gəliblər, ona zəng ediblər və o, təhlükəsizlik qüvvələrinin onu hansı ünvanda axtarmalı olduğunu bildirib. Onun ədalətdən qaçacağı iddiaları gülüncdür. O nə üçün ədalətdən qaçsın ki?”. Arayik Papikyanın sözlərinə görə, 2020-2023-cü illərdə məhkəmələrə 38 analoji iş daxil olub, onlardan 36-sı Paşinyan və onun qohumlarına aiddir: “Sosial şəbəkələrin monitorinqi departamenti” adı altında bütöv bir idarə yaradılıb, o, baş naziri kəskin tənqid edən yazıların axtarışı və müəyyənləşdirilməsi ilə məşğuldur”. Papikyan əlavə edib ki, Muşeq Şuşanyanın saxlanma şəraitindən şikayəti yoxdur, istintaq təcridxanasında vəkil kimi işlərlə bağlı fəaliyyətini davam etdirir: “Həbsdə o, dolayısı ilə mənim vasitəmlə də daxil olmaqla biznes fəaliyyətini davam etdirir. Məhkəmənin hökmü olmadan Şuşanyanın səlahiyyətləri dayandırıla bilməz”.
Ermənistanın Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyants Muşeq Şuşanyanın həbsinin uzadılmasını qəbuledilməz hesab edir: “Həbs heç bir şəkildə əsaslandırılmır: Şuşanyan artıq “cinayət”ini törədib, nəşri dəyişmək mümkün deyil, işdə onun təsir edə biləcəyi şahidlər yoxdur. Onun işində həbs cəza üsulu deyil”. Hüquq müdafiəçisi vurğulayıb ki, siyasətçilər sərt tənqidə öyrəşməlidirlər: “Amma hakim qüvvənin nümayəndələri hər bir xırda məsələyə görə iddia ilə məhkəməyə müraciət edir və ya cinayət işinin başlanmasını tələb edirlər”. Muşeq Şuşanyanın tərəfdarlarını narazı salan məqamlardan biri isə Qərb ölkələrinin bu prosesə laqeyd münasibətidir.
Samirə SƏFƏROVA