Ukrayna-Rusiya sülh danışıqları ilə bağlı şok iddia - Kiyev ABŞ-ın göstərişi ilə geri çəkildi
Macarıstanın baş naziri Viktor Orban Ukrayna və Rusiya münaqişəsi ilə bağlı iddia ilə çıxış edib. Orban bildirib ki, 2022-ci ilin martında İstanbulda Rusiya ilə Ukrayna arasında sülh üçün ilkin razılaşma əldə olunsa da, Ukrayna ABŞ-ın göstərişi ilə bu sazişi imzalamaqdan imtina edib.
Orban yerli radioda verdiyi açıqlamada, Avropa İttifaqının (Aİ) Ukraynadakı müharibəni nəzarətdə saxlamağa çalışdığı halda, ABŞ-ın müharibəni daha da böyütməyə və qlobal münaqişəyə çevirməyə çalışdığını bildirib. Orban Almaniyanın keçmiş kansleri Gerhard Schröder-in ötən ilin martında İstanbulda keçirilən danışıqlarda Ukraynanın Rusiya ilə sülh müqaviləsi imzalamaqdan imtina etməsi ilə bağlı Almaniya mətbuatına verdiyi açıqlamaları dəyərləndirib.
"Almaniyanın keçmiş kanslerinin dedikləri diplomatiya aləmində məlum faktdır. Müxtəlif hesabatlardan və kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, İstanbulda ruslar və ukraynalılar arasında ilkin razılaşma əldə olunub. Lakin ukraynalılar bunu amerikalıların göstərişi ilə imzalamaqdan imtina ediblər" - deyən Orban, bu məlumatın bir gün hər kəsin bildiyi bir gerçəyə çevriləcəyini iddia edib.
Ukraynanın şərqindəki böhranın ABŞ-ın hadisəyə qarışması ilə böyüdüyünü vurğulayan Orban, müharibədə cəbhəyə göndərilən əsgərlərin sayına, silah-sursata və hərbi yardım üçün Ukraynaya xərclənən vəsaitin getdikcə artmasına diqqət çəkib. Ukraynaya silah transferini dəstəkləmədiklərini deyən Macarıstan lider, macar vergi ödəyicilərinin pullarının Ukrayna ordusuna silah almaq üçün istifadə edilməsinə qarşı çıxır.
TAHİR