Ukrayna bu dəfə Rusiyanı İngiltərənin “Storm Shadow” raketlərilə vurdu...
Həftənin əvvəlində ABŞ istehsalı ATACMS raketləri ilə Rusiyanı hədəfə alan Ukrayna bu dəfə Rusiyanı İngiltərə istehsalı olan “Storm Shadow” raketlərilə vurub. Bu barədə "Bloomberg" agentliyi xəbər yayıb. Adı açıqlanmayan bir Qərb rəsmisinə istinadən qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın daxili bölgələrində "hərbi hədəflərə" qarşı ilk dəfə İngiltərə istehsalı olan "Storm Shadow" qanadlı raketlərindən istifadə edib.
Bildirilib ki, Kursk vilayəti istiqamətində 10-dan çox raket atılıb və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bəzi raketlərin qarşısını aldığı iddia edilib. Lakin hücumun təfərrüatları açıqlanmayıb və Rusiya Müdafiə Nazirliyi də məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, “The Times” ABŞ prezidenti Bayden administrasiyasının Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə etirazını aradan qaldırdığını açıqlayıb. Bu raketlər 250-dən 560 km-ə qədər uçuş məsafəsinə malikdir və onları idarə etmək üçün Amerika peykləri tələb olunur. Bayden uzun müddətdir ki, bu cür raketlərin istifadəsinə qarşı çıxıb və münaqişənin gərginləşməsi risqini əsas kimi göstərib. Lakin noyabrın 17-də ABŞ-ın 300 km mənzilli ATACMS raketlərinin istifadəsinə də icazə verdiyi açıqlanıb. Noyabrın 19-da Bryansk bölgəsinə bu raketlərlə hücum Ukraynanın Rusiya sərhədləri daxilində Qərb istehsalı olan raketlərlə ilk hücumu kimi qeydə alınıb.
TAHİR