Maliyyə naziri bağçaların maliyyəsi ilə bağlı əslində nə demək istədi - dövlət bağçalarının taleyi....
İlham Əhmədov: “Uşaq bağçaları inkişaf edərsə orta məktəb və universitetlər də inkişaf edər”
“Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, uşaq bağçaları əsas şəhərlərdə, şəhər mərkəzlərində təmin olunacaq: "Təhsil konsepsiyasında uşaq bağçaları erkən təhsildə məktəbə hazırlıq kimi qəbul edilir. Ona görə yerlərdə məktəbəqədər dərslər təşkil olunur, bu, həftədə 3-4 dəfə təşkil olunur. Burada məktəb müəllimləri də iştirak edir. Bununla həm də məktəb müəllimlərinin güzəranının yaxşılaşdırılması istiqamətində iş görülür".
Nazir qeyd edib ki, bağçaların saxlanması böyük vəsait tələb edir. Maraqlıdır, bağçaların maliyyələşməsi azalacaq, ya artırılacaq?
“Uşaq bağçaları daim diqqətdə saxlanmalı və bütün xərcləri də yüksək səviyyədə ödənməlidir”
Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, uşaq bağçalarının saxlanması maliyyə tələb edir, yəni bazar iqtisadiyyatında hər bir sahənin inkişafı maliyyə tələb edir, bunsuz inkişaf ola bilməz: “Təhsil məktəbəqədər təhsil müəssisələrindən, yəni uşaq bağçalarından başlayır. Uşağın ilkin inkişafı, formalaşması, dünya görünüşünün yaranması, ilkin bilik, bacarıq və vərdişlərin formalaşması məhz bağçadan başlayır. Inkişaf etmiş ölkələrin hamısı uşaq bağçalarına böyük diqqət yetirir. Xüsusən Yaponiya və Finlandiyada məktəbəqədər təhsilə böyük önəm verilir. Onu da deyim ki, bu ölkələrdə ən yüksək səviyyəli, hazırlıqlı, magistratura təhsili olanlar bağçaya işə qəbul olunur. Elm və təhsil naziri çıxışlarının birində demişdi ki, bizdə təhsil sistemi sanki tərsinə qurulub. O, məhz məktəbəqədər təhsili nəzərdə tuturdu. Yəni o demək istəyib ki, uşaq bağçasına biz az əhəmiyyət veririk, amma ora daha çox diqqətimizdə olmalıdır. Başçalarda işləyənlərin əksəriyyəti orta təhsillidir, ali təhsilli tərbiyəçilər azdır. Halbuki, bağçada yüksək biliyə malik olan şəxslər çalışmalıdır. Bu səbəbdən də hesab edirəm ki, uşaq bağçaları daim diqqətdə saxlanmalı və bütün xərcləri də yüksək səviyyədə ödənməlidir”.
Həmsöhbətimiz hesab edir ki, gələn il təhsil büdcəsi üçün ayrılan vəsait indiyə qədər heç vaxt olmayan səviyyədədir - 5 milyard manat. Bu, təhsilin bütün pillələrində olan bütün problemləri həll etməyə kifayət edər, əgər qənaətlə, rasional, təyinatı üzrə xərclənərsə. Bu büdcə uşaq bağçalarının da inkişafına kifayət edər. Təbii ki, 1 ilə yox, amma yaxın 2-3 ilə problemlər həll edilə bilər: “İndiyə qədər təəssüf ki, təhsildə israf halları çox olub. Çünki təhsilin inkişafı üzrə heç bir səmərəli milli strategiyamız olmayıb, prioritetlər dəqiqləşməyib. Çox şey kortəbii, öz axarı ilə, əksər hallarda da səhv istiqamətdə cərəyan edib. Məlum olduğu kimi, indi dünyada 4-cü sənaye inqilabı baş verir. Hər sənaye inqilabı da öz təhsil sistemini qurur. Bügünün təhsili süni intellektə əsaslanır. Dünənin, yəni 3-cü sənaye inqilabının təhsili isə İnternetə əsaslanır. Amma bizim təhsil nəinki 4-cü, hələ heç 3-cü sənaye inqilabına da çatmayıb. Çünki bütün ölkələr 20-25 il əvvəldən internet üzərindən təhsil sistemini, yəni distant təhsil sistemini qurublar, biz isə bu texnologiyanı ölkəmizə yaxın qoymadıq. Bu geriliyin çox səbəbləri var, əsas səbəblər təhsilin zəif maliyyələşməsi, səhv kadr siyasəti, qeyri peşəkarlıq və israfçılıqdır. Pandemiya vaxtında təhsilimiz bu səbəblərdən çox problemlər yaşadı, amma bundan yenə də nəticə çıxarmadıq”.
İ.Əliyevin sözlərinə görə, uşaq bağçaları inkişaf edərsə orta məktəb və universitetlər də inkişaf edər: “Bu gün təhsilin vəziyyətinə baxanda görürük ki, 10 il əvvəl təhsilin büdcəsi 1 milyard manat olanda hansı vəziyyətdə idisə, 5 milyard olanda da eyni vəziyyətdədir, bəlkə bir az da pisləşib. Təhsil sahəsində illərdir eyni problemlər yaşanır, demək olar ki, heç bir inkişaf yoxdur: beynəlxalq reytinqlərdə yer ala bilmirik, universitetlərə qəbul balı aşağıdır, universitetlərimiz müasir tələblərə cavab vermir v.s. Bu səbəblərdən də dövlət təhsil sferasını, onun problemlərinin həllini ciddi nəzarətdə saxlamalıdır. Məhhum president Heydər Əliyev deyirdi ki, “Təhsil millətin gələcəyidir.”. O gələcək isə uşaq bağçalarından başlayır. Bu səbəbdən də təhsili, xüsusən də onun özəyi olan məktəbəqədər təhsili inkişaf etdirmək lazımdır”.
Günel CƏLİLOVA