Hər sürücü "texosmotr" vaxtı utilizasiyaya görə bu qədər əlavə ödəyəcək...
Fevralın 1-dən etibarən sürücülər avtomobillərini texniki baxışdan keçirən zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər. Utilizasiya haqqı avtomobillərin istehsal-buraxılış tarixinə uyğun olaraq fərqləndiriləcək.
Yığılacaq vəsaitlər isə utilizasiya fondunda toplanmaqla sonradan istifadəyə yararsız olan avtomobillərin dövriyyədən çıxarılmasında istifadə ediləcək.
Maraqlıdır, texniki baxışdan keçəndə hər avtomobilə görə sahibləri nə qədər utilizasiya pulu ödəməli olacaq?
Rövşən Həsənov: “İstehsal ili 10 ilə qədər olan avtomobillərə 10 manat, 10 ildən artıq olanlar üçün 20 manat və bu qaydada məbləğ artmağa davam edir”
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirdi ki, utilizasiya ödənişlərinin forması və hara ediləcəyi hələlik tam dəqiqləşməsə də, qaydalar artıq müəyyənləşib: “Utilizasiya üsulları artıq müəyyən edilib. İstehsal ili 10 ilə qədər olan avtomobillərə 10 manat, 10 ildən artıq olanlar üçün 20 manat və bu qaydada məbləğ artmağa davam edir. Bu, texniki rüsumdan əlavə olaraq onun üzərinə gəlir. Utilizasiya qaydalarının formalaşması bu qaydadadır. Artıq fevralın 1-dən etibarən nəqliyyat vasitələri texniki baxışdan keçirilib. Böyük ehtimal, utilizasiya ilə bağlı ayrı bir bank hesabı olacaq. Yaradılmış bu bank hesabı vasitəsilə vətəndaşlar ödənişləri rahatlıqla edə biləcəklər. Daxili İşlər Nazirliyinin qeydiyyat-imtahan şöbələrində bu mərhələnin keçirilməsi nəzərdə tutulub”.
Eldəniz Cəfərov: “Köhnə nəqliyyat vasitələrinin utilizasiyası böyük bir sosial proqramdır, bu layihəni həyata keçirmək o qədər də asan deyil”
Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, köhnə nəqliyyat vasitələrinin utilizasiyası böyük bir sosial proqramdır. Bu layihəni həyata keçirmək o qədər də asan deyil. Bu tip layihələri, əsasən, iqtisadiyyatı dayanıqlı olan ölkələr reallaşdıra bilir: “Azərbaycan da utilizasiya layihəsini həyata keçirə bilən ölkələr sırasındadır. Artıq bu məqsədlə ölkəmizdə utilizasiya fondu yaradılıb. Fevral ayının 1-dən Azərbaycana idxal olunan köhnə avtomobillərə görə digər rüsumlarla yanaşı, utilizasiya rüsumu da ödəniləcək. Bununla yanaşı, ölkə ərazisində istismar olunan köhnə avtomobillərin sahibləri texniki baxış zamanı müəyyən məbləğdə utilizasiya haqqı ödəyəcəklər. Utilizasiya proqramının hazırlanması və onun həyata keçirilməsi ilə bağlı ilkin cizgilər 2018-ci ildə ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı”nda təsbit olunub. Artıq həmin proqrama əsasən bir neçə layihə həyata keçirilib. Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın alt qruplarında ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizə idxalı və vətəndaşlar tərəfindən ölkə daxilində istifadəsini stimullaşdırmaq üçün müxtəlif həvəsləndirici addımlar atılır. Bu baxımdan hazırlanmış xüsusi yol xəritəsi diqqət çəkir. Belə ki, sözügedən sənədə əsasən, ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri rüsumlardan azad edilib. Onların istismarını stimullaşdıran bir sıra digər layihələr də həyata keçirilib. Eyni zamanda, ekoloji təmiz nəqliyyat vasitələri sayılan elektromobillərin infrastrukturu yaradılıb. Elektrikdoldurma məntəqələri üçün lazım olan cihazlar ölkəyə idxal olunan zaman bütün rüsumlardan azad edilib”.
Günel CƏLİLOVA