Bakı ilə İrəvan arasında “balanslı saziş” nədir?..
Bəhruz Quliyev: “Balanslı saziş özü o deməkdir ki, sülh paketi hər iki tərəfi qane edir”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bəyan edib ki, biz tərəflərə balanslı saziş imzalanmasında kömək etməyə hazırıq: “Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”.
Maraqlıdır, balanslı saziş nə deməkdir? Bununla Zaxarova nəyi nəzərdə tutur?
“Zaxarova bunu belə təqdim etməklə, görünür, erməni tərəfini şirnikləndirmək istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Mariya Zaxarova ilk növbədə danışıqlar prosesində Rusiyanın həlledici rol oynadığını sətiraltı ifadələrlə bildirib: “O, ifadələrində əslində diqqətə çatdırmağa çalışıb ki, biz yenə də varıq və danışıqlar prosesində hər hansı formada iştirak etməyə hazırıq. Zaxarovanın bu açıqlaması Rusiyanın proseslərə yenidən dönüşü deməkdir. Sülh sazişi ilə bağlı konkret olaraq irəli sürdüyümüz tələblər hazırdır. Bu bir neçə dəfə də səsləndirilib. Ancaq Ermənistan danışıqlar prosesindən qaçdığı üçün onun sülh sazişinə hansı paketlə gəldiyi hələlik məlum deyil. Yəni balanslı saziş özü o deməkdir ki, sülh paketi hər iki tərəfi qane edir. Onsuz da bu sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin müəyyənləşməsi kimi şərtlər var idi. Bunlar inkar olunası məqamlar deyil. Zaxarova bunu belə təqdim etməklə, görünür, erməni tərəfini şirnikləndirmək istəyir. O mənada ki, Ermənistan Rusiyanın vasitəçiliyindən yayınmasın. Çünki Paşinyan hakimiyyəti Qərbin vasitəçiliyində maraqlıdır”.
Politoloq B.Quliyev onu da əlavə edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da dəfələrlə Azərbaycan ərazisi, bütövlüyü və hətta sərhəd məsələsi ilə bağlı bir neçə dəfə çıxışlar edib: “Sadəcə, imzalanma prosesinə əngəllər və kənar təzyiqlər var idi. Ümumiyyətlə, reallıq odur ki, hələ də bir sıra dövlətlər sülh sazişinin imzalanmasına mane olur. Buna baxmayaraq Azərbaycan tərəfi danışıqlar prosesinə və sülh sazişinə tam hazırdır. Rəsmi Bakı dəfələrlə sülhün bağlanmasının vacibliyini bildirib. Hətta bu gün Rusiyanın Qafqaza yenidən qayıdışına Moskvanın hadisələrə yaxından müdaxiləsi kimi baxıla bilər”.
Vidadi ORDAHALLI