ABŞ Ermənistanı silahlandıran 3-cü ölkə olmasını niyə etiraf etmir...
İbrahim Rüstəmli: “Azərbaycan da bu hadisələri ciddi izləyən, təhlükəni görən bir dövlət kimi, öz müdafiə qüdrətini artırmaq məqsədilə çox ciddi addımlar atır”
Ermənistanın çox sürətli şəkildə silahlandırılması və burda Fransa, Hindistan və ABŞ-ın xüsusi canfəşanlıq göstərməsi, bu ölkəni yeni müharibəyə həvəsləndirməsi göz önündədir. Açıq şəkildə Fransa və Hindistan Ermənistanı silahlandırır, ABŞ isə bunu hələlik gizlin edir, bu əməlini etiraf etmir.
Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsələlərdən də danışıb: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.
Prezident eyni zamanda “ biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik”-deyə ölkə başçısı vurğulayıb.
Prezident açıq şəkildə bəyan etdi ki, ölkəmizi buna vadar etdilər.
“ABŞ-ın bu məsələdə isə mövqeyi artıq çox mürəkkəb...”
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın 44 günlük Vətən savaşında qələbə əldə etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqların meydana çıxması ilə nəticələndi, parametrlər, coğrafiyalar dəyişdi, ölkəmizin 30 il işğalda qalan əraziləri düşmən qüvvələrdən büsbütün təmizləndi. İ.Rüstəmli qeyd etdi ki, eyni zamanda Azərbaycanın gələcək perspektivlər, xüsusilə “Zəngəzur dəhlizi” ilə bağlı planlarının reallaşması üçün əsaslı zəmin yarandı. “Bilirsiz ki, 44 günlük Vətən savaşında Ermənistan hər gün ən azı üç dəfə Rusiyaya müraciət edirdi. Bu müraciətlərdə əsas yeri KTMT bu hərbi əməliyyatlara müdaxiləsi məsələsi tuturdu və xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən dəfələrlə yardım istəmişdi, telefondan aslı vəziyyətdə qalmışdı. Bunların sonunda Rusiya prezidenti Vladimir Putin Paşinyan, Paşinyanın simasında Ermənistanı dəstəkləyən digər dövlətlərə konkret şəkildə mesaj verdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq ictimiayyət, dünya dövlətləri tərəfindən tanınmış hüquqi əraziləri çərçivəsində həyata keçirilir, əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə etap olunarsa onda KTMT bu məsələyə müdaxilə edə bilər. Bununla da Rusiyanın 44 günlük Vətən savaşına, o cümlədən də Azərbaycanın mövqeyinə, eyni zamanda ərazi bütüövlüyünə bağlı fikirləri, mövqeləri tam şəkildə ortaya qoyuldu. Bundan sonra Ermənistan təbii olaraq yeni havadarlar axtarmaq məqsədilə hərəkətə keçdi.
Ermənistan həmişə vassal dövlət olub, o ya rus dilində, ya fransız dilində, ingilis dilində, ya hindistanlıların dili ilə danışıb. Hər halda Ermənistan öz siyasi kursu və sabit mövqeyi olan ölkə deyil. Təbii, Ermənistan əli Rusiyadan üzüləndən sonra Amerikaya, Fransaya və bir sıra Qərb dövlətlərinə müraciət etdi. Avropada onun ən böyük havadarı Fransadır və Fransa da erməni lobbisinin böyük dominantlıq təşkil etdiyi bir ölkədir, tarixən onları ciddi, iqtisadi, siyasi, mənəvi əlaqələr bağlayıb. Sırada ikinci yerdə Hindistan dayanır. Hindistan da bilirsiz ki, Azərbaycana qarşı Pakistanla bağlı mövqeyini ortaya qoyan dövlətdir, Pakistan Azərbaycanın ən yaxın silahdaşı, hərbi-siyasi müttəfiqidir. Bu baxımdan, Hindistanın da mövqeyi başa düşüləndir. Üçüncü yerdə ABŞ dayanır və ABŞ-ın bu məsələdə isə mövqeyi artıq çox mürəkkəb konstruksiyalı, çox mürəkkəb fiqurasiyalı bir mövqedir. Yəni Amerikanın Cənubi Qafqaza sızması və bununla da öz əzəli və əbədi rəqibini, yəni Rusiya imperiyasını nəzarət altında saxlaması məsələsi bir qədər asanlaşdı. Azərbaycandan, qismən də Gürcüstandan fərqli olaraq Ermənistan Cənubi Qafqazın ən zəif bəndi kimi həm münbit mühit, həm də öz siyasi mövqeyi və deyərdim ki, doktrinası olmayan bir dövlət olaraq ABŞ-ın Cənubi Qafqaza sızmasında əsas tramplin rolunu oynadı. Bəli, bu gün söhbət məhz bu məsələ üzərində dayanmalıdır ki, ABŞ Ermənistana silah-sursat daşıyır, hətta onların xüsusi təyinatlılarının bir qismi Ermənistan hərbiçilərinə təlimlər keçir və sair. Bütün bunlar Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamış işğalçı bir dövlətə yardım məqsədilə edilirsə, bu həm də Azərbaycana qarşı hər hansı bir təhdid, təcavüz elementini özündə ehtiva edir. Əlbəttə, bu məsələdə Azərbaycan birinci sırada dayanmır. ABŞ-ın əsas məqsədi okeanın o tayından Rusiyanı izləməkdənsə Ermənistandan bu dövləti müşahidə etmək, nəzarətdə saxlamaq böyük əhəmiyyət daşıyır. Yəni nə Fransa, nə Hindistan, nə Amerika əslində Ermənistan üçün çalışan, Ermənistana ürəyi yanan dövlətlər siyahısında deyillər. Siyasətdə dostluq yoxdur, ancaq maraqlar var. Bu mənada ABŞ-ın da, Fransanın da, Hindistanın da maraqları onunla nəticələnir ki, adını çəkdiyim və çəkmədiyim dövlətlər 44 günlük Vətən savaşında bütün kommunikasiya sistemləri sıradan çıxarılan Ermənistan ordusunun yenidən özünə gəlməsi, formalaşması və öz müdafiə qüdrətini artırması üçün çalışması gözləniləndir. Bunun da arxasında Rusiya-Avropa, Rusiya-Qərb qarşıdurması dayanır”.
Cənubi Qafqazda ən böyük mövqe savaşının getdiyini deyən İ.Rüstəmli bildirdi ki, bu mövqe savaşında Fransanın da, Hindistanın da, ABŞ-ın da öz maraqları var. Onun sözlərinə görə, əsas maraq da Rusiyanı daha yaxından, daha ciddi şəkildə izləmək, onun əsas hədəflərini sıradan çıxarmaq, onu zəiflətmək və nəzarət altına almaqdır. “Bu mənada Azərbaycan da bu hadisələri ciddi izləyən, təhlükəni görən bir dövlət kimi, öz müdafiə qüdrətini artırmaq məqsədilə çox ciddi addımlar atır”.
Hazırda Azərbaycanın 30-dan artıq ölkə ilə hərbi sahədə bir, iki, daha çoxtərəfli əlaqələr qurduğunu deyən İ.Rüstəmli bildirdi ki, bu əməkdaşlığın arxasında ölkəmizin öz müdafiə qüdrətini qoruması və gücləndirməsi durur. “Təbii ki, Azərbaycan öz müdafiə qüdrətini artırmaq məqsədilə zaman-zaman dünyanın inkişaf etmiş ölkələrinə məxsus ordularla bir, iki və daha çoxtərəfli hərbi əlaqələr qurub. Bu ölkələrin sırasında ilk yerdə Azərbaycanın ən böyük strateji müttəfiqi Türkiyədir. Bilirsiz ki, son dövrlərdə Türkiyə silahlı qüvvələrinin inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Bu, ilk növbədə Türkiyə hərbi sənayesinin inkişafı ilə bağlıdır. Uçan pilotsuz aparatların, sensor xarakterli aparatların və digərlərinin istehsalında Türkiyə dünyada öncül yerlərdən birini tutur. Müasir hərbi döyüşlər gedir, indi ağır texnikaların, xüsusilə insan amilinin bu döyüşlərdə fəaliyyəti maksimum ixtisara salınıb. Bu mənada, Azərbaycan həqiqətən də, başda Türkiyə olmaqla, digər dünya dövlətləri ilə çox ciddi əlaqələr qurmaqla o dövlətlərin ən müasir silahları ilə maraqlanır və o silahların ölkənin cəbbəxanasına daxil olması üçün ciddi addımlar atır. Siz xatırlayırsınızsa, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı sonuncu çıxışlarından birində xüsusi vurğulamışdı ki, biz nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq. Bu sözün arxasında ciddi məqamlar dayanır. Yəni bir dövlət başçısının timsalında belə bir mesajın verilməsi sıradan bir məsələ deyil. Azərbaycan bu cür həmlələrə, bu cür cəhdlərə, bu cür təcavüz xarakterli hallara qarşı alternativ kontr-cavablar, qabaqlayıcı tədbirlər həyata keçirəcək. Mən elə bilirəm ki, Ermənistan son dövrlər öz himayədarlarının köməyi ilə silahlanmasına baxmayaraq yenidən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir cəhd göstərərsə, 44 günlük Vətən savaşında aldığı zərbədən ikiqat artıq zərbə alacaq” - deyə İ.Rüstəmli vurğuladı.
İradə SARIYEVA